Tarixi nəinki unutmadığımız, eləcə də yazdığımızın bariz nümunəsidir ki, 31 mart qəlbimiz hələ də qaysaq bağlamayan yaralarımızın sızıltısından mükəddər olduğu qədər, artıq həm də gələcəyə olan ümidlərdən ehtizaza gəldi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardma çevrilməsi üçün mühüm addımlar atmışdır. Şuranın indiyə qədər keçirilmiş yeddi zirvə görüşündə respublikamız yüksək səviyyədə təmsil olunmuş, türk dövlətləri arasında iqtisadi-ticari münasibətlərin dərinləşdirilməsi, eləcə də təhlükəsizlik məsələləri üzrə ortaq fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm təkliflərlə çıxış etmişdir. Müstəqil türk dövlətləri arasında iqtisadi-ticari inteqrasiyanın məqsədyönlü axarda davam etməsi, eyni zamanda, Avrasiyanın geosiyasi mərkəzində yeni iqtisadi gücün yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün də məhz 31 mart tarixində gerçəkləşməsi intrus ermənistana bir növ mesaj oldu.
Azərbaycan isə görüşdə türkdilli dövlət olmaqdan ziyadə, qalib ölkə, ən əsası isə artıq nəinki təkcə türk dövlətləri, eləcə də qonşu və digər ölkələr üzərində söz sahibi olaraq çıxış edirdi. Ölkə başçısının da qeyd etdiyi kimi Zəngəzur artıq bu gün bütün türk dünyasının şah damarı və bunun fonunda da Böyük İpək Yolunun yeni bir transformasiya şəklini alması deməkdir.
Zirvə görüşü, həmçinin II Qarabağ münaqişəsində də qardaş Türkiyə ilə olan dostluq münasibətlərimizi bir daha sübut etməklə bərabər, Azərbaycanın sovet silahları kimi paslanmış ermənistanı istər hərbi, istər siyasi, psixoloji və digər arenalarda məğlubiyyətə düçar etdiyini bir daha göstərmiş oldu.
Ən əsası isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Qarabağa öz dəstəyini göstərmək adına Ramazan bayramından sonra Şuşaya getməyə hazırlaşdığını bildirməklə digər türkdilli dövlətləri də Azərbaycana dəstək olmağa, işğaldan azad olunmuş ərazilərinin bərpasına yardım etməklə bağlı çağırış etmiş oldu.
Nəticədə dövlətimizin apardığı uğurlu siyasi xətt qəlbimizə "Qafqaz Xirosiması”nın yaralarının tezliklə sağalacağına dair ümid toxumlarını səpmiş oldu...
Həyat Qəhrimanlı
Nəsimi rayon gənci



