XX əsrin sonlarında qan bahasına əldə etdiyimiz müstəqilliyimiz dəfələrlə sınaq qarşısında qalmışdır. Bu cür sınaqlardan biri Rövşən Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifətin dövlət çevrilişinə cəhd etməsidir. Hərc-mərclikdən, özbaşınalıqdan yaxasını yenicə qurtlaran ölkə növbəti dəfə fəlakətə sürüklənirdi. 1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax rayonunun Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri Müdafiə Nazirliyinin bu ərazidəki hərbi hissələrindən birinə silahlı basqın edərək 5 ədəd zirehli texnika ələ keçirdilər. Ağstafa və Qazax rayonunda dövlət əleyhinə faktiki qiyam baş verdi. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra Xüsusi Təyinatlılar ("OMON"-çular) qalib gəldi və dövlət əhəmiyyətli binalar ələ keçirildi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. Rövşən Cavadovun himayədarlıq etdiyi bu dəstə neçə vaxt idi ki, benzin, narkotik maddələr qaçaqmalçılığı və silah alveri ilə məşğul olur, kimsəyə tabe olmaq istəmirdilər. Müstəqilliyin ilk illərində hökumət orqanlarında baş verən özbaşınalıqlar, hakimiyyətin səriştəsiz rəhbərlərin əlində olmasından istifadə edən quldur dəstələr heç bir qanuna tabe olmadan çirkin əməllərindən əl çəkmirdilər. Lakin onlar unudurdular ki, artıq Azərbaycana dövlət idarəçiliyində zəngin təcrübəsi olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyət rəhbərlik edirdi. Məhz Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində dövlət çevrilişinə cəhdin qarşısı alınmışdı. Qeyd edək ki, Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmiş, onları əfv edəcəyini bildirmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını alması və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoyması ilə xalqa bir daha əmin oldu ki, ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib.
Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi



