Son illərdə ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan qlobal miqyasda sürətli iqtisadi artım tempinə malik ölkələr sırasına daxil olub. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Beləliklə, son 17 il ərzində dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli şəkildə azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Nəticədə Azərbaycanın regionda iqtisadi rolu yüksəlib, xarici təsirlərə davamlılığı artıb və ölkəmizin müstəqil dövlət kimi suverenliyi tam təmin olunub.
Təbiidir ki, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Yaxın günlərdə "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümü olmaqla yanaşı dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olaraq da qiymətləndirilməkdədir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Əminliklə deyə bilərik ki, Dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını Cəmiyyət, biznes və dövlət üçlüyü təşkil edir. Bundan sonra da ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaqdır. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.Sonda bildirmək istərdim ki, bir azərbaycanlı kimi tam əminik ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəalar uğurla icra ediləcəkdir. Çünki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan verir.
Nəsimi rayon gənci
Aytəkin Kərimova



