Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan "Şuşa qalası” kimi də tanınır.
Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Lakin o vaxtdan bəri bu işğal ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" sayılırdı. Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir. Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunub.
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”.
Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək. Ümummilli liderimiz Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı".
"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!” Bizim tarixi qələbəmiz - Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, 28 il ərzində işğal altında qalan Şuşaya - mədəniyyət beşiyimizə qayıdacağıq. Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Ən nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ulu öndərin ruhu qarşısında baş əydi. Möhtərəm Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt o adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, Şuşanı azad etdi və xalqımıza zəfər müjdəsi verdi: "Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Yaşasın Azərbaycan!
İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. Xüsusilə alınmaz qala olan və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi isə hələ də nəin ki, erməniləri, hətta dünyanın hərbi ekspertlərini belə heyrətləndirir. Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olardı.
Azərbaycanda «Qarabağın döyünən ürəyi» və «Sən tarixin özüsən, Azərbaycanın gözüsən» deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması xəbərinin Ali Baş Komandan tərəfindən elan edilməsi xalqımızı və dostlarımızı çox sevindirdi. Çoxlarına görə, bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 44 gün davam edən döyüşlərdə həlledici üstünlük verdi. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə tam qələbəsidir. Təbii ki, bütün bunlar ilk növbədə, hərbçilərimizin peşəkarlığından, Şuşa əməliyyatına başçılıq edən hərbi rəhbərliyin yüksək döyüş taktikası seçməsindən və hər şeyin başında isə vətənpərvərlik hissi dayandığından xəbər verir. Şuşaya hücum edərək onu düşmən əsarətindən qurtaran oğullar bilirdilər ki, doğma torpaq uğrunda, müqəddəs iş üçün vuruşurlar.
Azərbaycan əsgəri Şuşanı öz ürəyinin təpəri, içindəki böyük Vətən sevgisinin işığı ilə düşməndən aldı, kökləndiyi güclü mənəvi-ruhi əhvalı ilə düşmənə qələbə çaldı. Bəli, düşmənin də etiraf etdiyi kimi, məhz Azərbaycan Ordusu hərb tarixinə yeni bir şanlı səhifə yazmaqla, eyni zamanda Ermənistanın dişini elə qırdı ki, onlar bir daha ordumuza qarşı güc göstərməyə özlərində cəsarət tapmayacaqlar.
2020 -ci il Azərbaycan üçün unudulmaz bir il və unudulmaz bir tarix oldu. Çünki bizim mərd və cəsur qəhrəman oğullarımız öz doğma yurdumuzu bizə geri qaytardılar. Bu gün bizlər onların mərdlikləri sayəsində yurdumuza qayıda bildik. Bunda bizim qəhrəmancasına şəhid olan qardaşlarımızın, əsgərlərimizin və polkovniklərimizin, generallarımızın rolu çox böyükdür. Heç bir Azərbaycan vətəndaşı onları unutmamalıdır və unutdurmamalıdır. Çünki biz Azərbaycanlıyıq!
Nəsimi rayon gənci
Lalə Yolçiyeva



