Bəlkə də tarixi bir ənənədirmi və ya nəsillərdən nəsillərə ötürülmüş bir vəsiyyətdirmi, bilmirəm, nədənsə insanoğlunun gözü doymur. Bu əzəldən dəyişməyən bir həqiqətdir. Biz buna istər kitablarda, istər nağıllarda, istərsə də, həyatda rast gəlmişik və gələcəyik. İnsanoğlunun bu mənfi xüsusiyyəti onu əsrlər boyudur ki, izləyir və bundan sonra da izləyəcəkdir.
Tarix boyu böyük dövlətlər, imperiyalar digər dövlətlərə qarşı amansız hücumlar etmiş, əhalisini qılıncdan keçirmişlər. Əsas zərərçəkənlər isə yalnız və yalnız günahsız xalq olmuşdur. Bütün bunları sadəcə müsibət və acgözlülük adlandırmaq olar.
Min illər boyu baş verən bu vəhşiliklərdən Azərbaycanımız da yan keçməmişdir. Vətənimizə mənfur qonşularımız daim "yağlı tikə” gözü ilə baxmışlar. Torpaqlarımızı ələ keçirmək, xalqımıza zülmlər vermək, sərvətimizi yağmalaq arzusu ilə yanıb tutuşmuşlar. Hələ xanlıqlar dövründən bir tərəfdən Rusiya, digər tərəfdən isə İran vətənimizi parçalamaq planları qurmuş və istəklərinə, təəsssüf ki, nail olmuşlar. Türkmənçay və Gülüstan müqavilələri bizim bir növ məhvimiz üçün atılan ilk addımlar sayılırdı. Bəlkə də günahsız xalqın bir gün heç ağlına da gəlməzdi ki, oturub birlikdə deyib-güldükləri, çörək kəsdikləri "millət” gələcəkdə onların başına neçə-neçə müsibətlər gətirəcək..
XIX əsrdən baş qaldırmağa başlayan erməni vandalizminin nəticələrini saymağa başlasaq, bəlkə də, sözlərimiz, cümlələrimiz yetməz. Bu vəhşiliklər nəticəsində bir çox mədəni abidələrimiz, ərazilərimizdəki bina və məscidlər dağıdılmış, hətta bütün bunlar az deyilmiş kimi bir də məscidlərimizdə heyvanlar saxlanılmışdır. Xalqımızın başına gətirilən müsibətlər bunlarla kifayətlənmir. Çiləkeş xalqımız elə əziyyətlər çəkmiş, elə günlər görmüşdür ki, dünya tarixində bəlkə də buna oxşar vəhşilik olmamışdır.
XX əsrin əvvəllərindən başlayaraq mənfur düşmənlərimiz sovet ordusunun dəstəyi ilə xalqımızın başına bəlalar gətirməyə başlamışlar. Bunlardan sadəcə Xocalı soyqırımını xatırlatmaq kifayət edir ki, biz necə bəlalarla üz-üzə qalmışıq. Neçə-neçə vətəndaşlarımız güllədən keçirilmiş, neçə ailə məhv edilmiş və daha neçə belə ağlasığmaz vəhşiliklər...
Bu gün biz törədilən vəhşiliklərin cavabını döyüş meydanında vermişik və gözəl günlər, gözəl gələcək artıq önümüzdədir. Biz bütün bunları Müzəffər Ali Baş Komandanımız və Qəhraman Ordumuza borcluyuq.
Arzu Kərimli
Bakı Slavyan Universiteti



