Prezident: "Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?"
Digər
ölkələrlə müqayisədə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
şirkətində (AZAL) istənilən istiqamətə bilet qiymətləri təxminən iki
dəfə bahadır. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin
2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə
bağlı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL)
şirkətinin fəaliyyətinə tənqidlə yanaşması bu mənada hava yollarından
istifadə edən insanların ürəyindən xəbər verdi.
Həmin
müşavirədə dövlət başçısı qeyd etdi ki, AZAL dövlət tərəfindən böyük
subsidiyalar alır. Hava nəqliyyatı üçün lazım olan yanacaq ölkəmizdə
istehsal olunur, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına
alınır, aeroportlar dövlət hesabına tikilir. Dövlət tərəfindən AZAL-a
yaradılan bu qədər böyük subsidiyalara rəğmən hava yolları şirkəti bilet
qiymətlərini süni şəkildə qaldırır.
Prezident AZAL qarşısında çox mühüm sual qoyub:
"Axı
Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə
nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?
Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha
olmalıdır?”
Diqqət, hələ ki, AZAL müzakirə aparır...
Hazırda hər kəs həmin suallara əməlli cavabın verilməsini gözləyir, lakin hələ ki, yeni heç nə görünmür, manevrlərdən başqa...
Prezidentin
"Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə
bağlı verdiyi tapşırıqlardan sonra "Azərbaycan Hava Yolları” QSC-nin
İdarə Heyətinin kollegiya iclası keçirilib və məsələ ciddi şəkildə
müzakirə olunub. AZAL-ın vitse-prezident hələlik konkret yeniliyin
olmadığını və hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələnin
müzakirə olunduğunu bildirib.
Qurumdan
verilən məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə
keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət
üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini,
aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini,
güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə
mexanizminin işlənib hazırlanmasını tapşırıb.
"Bəzi təkliflər artıq hazırdır”
Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini
vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa
zamanda "Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm
marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib.
Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda
yerlərin aşağı tariflə satışa çıxarılmasına dair bəzi təkliflərin artıq
hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas
üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün
bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub
saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə
həyata keçirilməlidir.
AZAL biletlərə 20 faiz qiymət endirimi ilə yanaşı bir sıra dəyişikliklər edib
Azərbaycan
Hava Yolları AZAL-ın bilet qiymətlərinin aşağı salınması ilə bağlı
keçirdiyi mətbuat konfransında vitse-prezident Arif Məmmədov biletlərin
qiymətinin 99 avro olması ilə bağlı açıqlama verib. Bildirib ki,
təyyarənin sərfəli uçması üçün maya dəyəri var: "Biz bu qərardan sonra
bəzi marşrutları bağlamaq məcburiyyətində qalacağıq. Hava yollarının
çoxlu xərcləri var. Xaricdəki hava limanlarının xərcləri hesablanır. Biz
qiymətləri İqtisadiyyat Nazirliyinə təqdim etdik. 99 avrodan aşağı
qiymət iki-üç saat başqa ölkəyə gedib-gəlməyin xərclərini ödəmir. Amma
ehtiyacın olduğunu nəzərə alaraq buna getmişik”.
AZAL
Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev bildirib ki, Moskva,
Dubay, İstanbul ən populyar olduğundan ilk növbədə aşağı büdcəli
uçuşların həmin istiqamətlərdə başlamasına qərar verilib: "Avqustun
7-dən başlayaraq Bakı-Antalya-Bakı istiqamətində aşağı büdcəli uçuşlar
təşkil olunacaq. Bunlar bir tərəfə 99 avro qiymətindədir. Amma yük 5 kq
çəkidə olmalıdır. Baqajda 20 kq-a yaxın yük üçün 50 manat qiymət təyin
olunub. Görünür ki, bu, islahat uçuşlarda qidalanmanı nəzərdə
tutulmayıb, yalnız su veriləcək. Baqaj da əlavə pullu olacaq. Bu da
biletin "astarını üzündən baha edir”.
"Cəmi 4 sinif satış sinfi olacaq”
Qeyd
olunur ki, təyyarə satış sistemində lessinq deyilən satış sistemi
tətbiq olunur. Təyyarədə bəlli oturacaq sayları var. Cəmi 4 sinif satış
sinfi olacaq. Bu günə qədər 17 satış sinfi var idi. Onlar ləğv olunub
yerinə 4 satış sistemi yaradılıb. Daha tez bilet alanlar daha ucuz bilet
almaq imkanına malik olacaqlar. Bu o demək deyil ki, bahalı bilet almaq
istəyənlərin aşağı bilet almaq imkanı olmayacaq. Ucuz biletin geri
qayıtma, bileti dəyişmə imkanları yoxdur.
Konfransda
bildirilib ki, embrayerlərin alınması 2013-cü ildən başlayır. Bunlar
əvvəlcə Bakı-Naxçıvan uçuşları həyata keçirmək üçün alınıb, avqustun
1-də Bakı-İstanbul-Bakı ən aşağı tarif 238 avro, ən bahalı 468 avro
olacaq. Əvvəl ən aşağı qiymət 274 idisə, indi bu 238, ən bahalı isə 504
avro idisə, indi bu 468 avro olub".
Göründüyü
kimi, hələ ki, Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli
sərnişindaşıma xətti yaratmaq niyyəti ölkə başçısının iyulun 13-də
səsləndirdiyi iradlara real cavab vermir.
Qiymətlərin qısa müqayisəsinə baxaq
Azərbaycandan
İstanbul, Paris və Nyu York kimi şəhərlərə uçuş qiymətləri ilə, yaxın
Tibilisi və Moskvadan eyni şəhərlərə uçuş qiymətlərini müqayisə edək.
Bakıdan
İstanbula uçuş üçün "Pegasus"da bileti (Bakı-İstanbul-Bakı) 290.98
EUR-ya alınır. Tbilisidən eyni hava yolları şirkəti ilə eyni tarixdə
uçuş bileti isə (Tibilisi-İstanbul-Tbilisi) 159.98 EUR-ya başa gəlir.
Yəni təxminən 2 dəfə ucuz qiymətə İstanbula bilet əldə etmək olur.
Moskva -İstanbul- Moskva bileti üçün isə sərnişinlər təxminən 537 TL,
yəni 194 AZN ödəyirlər. Yenə də Bakıdan alınan biletlərlə ən az 100 evro
ucuz başa gəlir. Eyni tarixlərdə "Pegasus”dan fərqli şirkətlərlə də
Bakıdan İstanbula uçuşun bilet qiymətlərinə baxanda oxşar mənzərə ilə
qarşılaşdıq. Türk hava yolları ilə 677 TL (245 AZN), AZAL-la uçmalı
olsaq 747 TL (270 AZN) ödəməli oluruq. Bakı-Paris-Bakı , Moskva Paris
Moskva, Tbilisi-Paris-Tbilisi xətləri üzrə təyyarə biletlərinin
qiymətlərində də fərqlər var: Moskva Paris Moskva 581 TL (210 AZN),
Tbilisi-Paris-Tbilisi 856 TL (309AZN). Bakı-Nyu York-Bakı , Moskva- Nyu
York- Moskva, Tbilisi- Nyu York -Tbilisi xətləri üzrə təyyarə
biletlərinin qiymətlərini də müqayisə edə bilərik.
Bakı-Nyu
York-Bakı 2345 TL (848.89 AZN), Moskva- Nyu York- Moskva 1438 TL
(520.556 AZN),Tbilisi- Nyu York -Tbilisi 1890 TL (684.18 AZN).
Deyəsən
Azərbaycan Hava Yolları qiymətli vətəndaşlarımızın ölkədən çıxmasını
istəmir. İroniyanı bir kənara qoysaq istənilən Avropa ölkəsində belə
fərqlərlə vətəndaşlar Hava Yollarını məhkəməyə verə bilərlər.
Mövcud
fərqi AZAL-ın Bakı-İstanbul-Bakı, İstanbul-Bakı-İstanbul
istiqamətindəki uçuşlara tətbiq edilən endirim aksiyasına nəzər salmaqla
da görmək olur. Belə ki, Bakı-İstanbul-Bakı , İstanbul-Bakı-İstanbul –
209 avro- 208.791 AZN-n , Bakı-İstanbul -150 avro-149.85 AZN-ə,
İstanbul-Bakı – 133 avro-132.867 AZN-ə endirilib.
Biletlər artıq 31 oktyabr tarixinə qədər satılıb...
Türk
hava yollarının eyni istiqamətli uçuşlar üçün tətbiq etdiyi aksiya
qiymətlərinə görə isə, Bakı-İstanbul-Bakı uçuşları üçün 179 AZN təklif
olunub. Bu aksiyada Gəncə-İstanbul-Gəncə istiqamətində 99 AZN-lə uçuşlar
həyata keçiriləcək. Biletlər artıq 31 oktyabr tarixinə qədər satılıb.
Hər iki ölkənin hava yollarının təklif etdiyi tariflərə müqayisəli
şəkildə nəzərə alsaq görünür ki, aksiya türk hava yollarında daha
əvvəlki tarixdən başlayıb, AZAL-ın təklif elədiyi tarixdən daha gec
müddətə qədər davam edəcək. Bu türk hava yollarının müştərilərə verdiyi
birinci üstünlük. İkinci üstünlük isə təklif olunan qiymətdir. Görünür
ki, eyni istiqamətli uçuş üçün AZAL bileti 30 manat baha satır. Bu
aksiya ilə olan qiymətlərdir. Endirim olmadan isə Bakıdan İstanbula Türk
Hava Yolları ilə uçanlar 677 TL-245 AZN, AZAL-la uçanlar isə 747 TL-270
AZN ödəməli olurlar.
AZAL-ın qiymət siyasəti nəticəsində pullar Gürcüstana axır...
Müqayisə üçün digər qiymətlərə nəzərə salaq:
Əgər
AZAL-ın Bakı-İstanbul-Bakı uçuşu üçün bileti 270 AZN-dirsə, Tbilisidən
eyni istiqamətə uçuş 160 AZN-ə başa gəlir. Vaxt var idi ki, Gürcüstan
vətəndaşları xarici ölkələrə, əsasən də Rusiyaya Azərbaycandan
uçurdular. Lakin indi Rusiya Gürcüstana yolu açandan sonra burda da
rəqabət artacaq. Artıq Azərbaycan vətəndaşları Rusiyaya və hətta Avropa
ölkələrinə də Gürcüstan yolu ilə gedə bilərlər.
Bir
müddət əvvəl media nümayəndələri Avropa Liqasının qrup mərhələsində
çıxış edən "Qarabağ” klubuna "Dnepr”lə qarşılaşmada dəstək vermək üçün
Kiyevə yola düşdü. Media qrupu oktyabrın 20-də qatarla Bakıdan Tiflisə,
oradan isə təyyarə ilə Kiyevə uçub. Halbuki Bakıdan birbaşa Kiyevə
uçuşlar da həyata keçirilir. Səfər təəssüratlarını danışan jurnalistlər
Kiyevə niyə məhz Tiflis yolu ilə getdiklərini AZAL-ın bilet qiymətləri
ilə əlaqələndiriblər. Bildiriblər ki, Bakı-Kiyev-Bakı uçuşu 380 AZN-lə
başa gəlibsə, onlar Tiflis yolu ilə 180 AZN-ə gedib gəliblər. 200 AZN
fərqin nədən qaynaqlanması insanı düşündürür.
Maraqlıdır
ki, Gürcüstan yanacağı müxtəlif dünya ölkələrindən aldığı halda,
Azərbaycan özü istehsal edir. Belə olan halda AZAL-ın qiymət siyasəti
nəticəsində Azərbaycan pulları Gürcüstana axır. Bundan həm ölkə
iqtisadiyyatı, həm avia şirkətlər uduzur, həm vətəndaşlarımız müəyyən
qədər əziyyət çəkir. Bir tərəfdən də, bütün bunlar Azərbaycanın imicinə
xələl gətirir və insanları narazı salır. Çünki Azərbaycandan xaricə
gedib-gələnlərin sayı artır. İnsanlar tədricən digər xarici
aviaşirkətlərin Avropaya uçuş qiymətlərini öyrənirlər, bu barədə məlumat
toplayıb yerli qiymətlərlə müqayisə edirlər və aradakı böyük fərqi
görürlər. Ona görə də bu gün heç kimə sirr deyil ki, Azərbaycan
vətəndaşlarının əksəriyyəti xarici ölkələrə getmək üçün biletləri əcnəbi
şirkətlərdən almağa üstünlük verirlər.
"Başqa ölkələrə uçmaq üçün Tbilisiyə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq...”
Nəqliyyat
üzrə ekspert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları"
QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq
edəcəyi barədə yaydığı xəbəri şərh edərkən bildirib ki, AZAL biletlərinə
20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün
Tbilisiyə gedən Azərbaycan vətəndaşlarının sayı azalmayacaq.
"Bu,
Tbilisiyə gedənlərin sayını azaltmayacaq. Sərnişinlərin bir qismi,
xüsusilə də gənclər 10 manat aşağı qiymətə görə başqa ünvana üz tuta
bilərlər. Burada isə yenə də 80 avroya qədər aşağı qiymətdən söhbət
gedir”.
Ekspert
bildirib ki, indi də Bakıdan hətta İstanbula uçmaq üçün Tbilisiyə üz
tutanlar çoxdur. Səbəb aydındır, təyyarə biletlərinin qiymətində iki
dəfəyə qədər fərq var. Məsələn, - iyulun 23-nə Bakıdan İstanbula bir baş
gediş üçün Atatürk hava limanına ən ucuz bilet 192 avroya təklif
edilir. Amma həmin tarixdə Tbilisidən Atatürk hava limanına gediş-gəliş
biletini 166 avroya həll etmək mümkündür. Səfəri bir az təxirə salıb
avqustun 15-dən uçmağı qərara aldıqda isə gediş-gəliş biletini 144
avroya almaq olar. AZAL-da isə həmin tarix üçün İstanbulun Atatürk hava
limanına bilet 280 avroya təklif edilir. Bu, nəinki Azərbaycanın qərb
bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə
Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tbilisiyə avtobusla
gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib,
səhər saat 09-də Tbilisi hava limanına çatmaq mümkündür. Bəlkə də elə
bu səbəbdəndir ki, iyulun 21-də qapalı kollegiya iclası keçirən
"Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə
avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə
Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya
Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia edir ki,
yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Ekspertin fikrincə, sözügedən reyslərin biletlərinin 30 faizinə edilən
endirimlər heç də sadə vətəndaşlara fayda verməyəcək: "Dövlət
təşkilatları, bir sıra iri şirkətlər, ezamiyyətə gedən məmurlar məcburi
şəkildə AZAL-ın xidmətlərindən istifadə etməlidirlər. Təbii ki, onlara
ayrılan büdcə biletin ən aşağı qiymətinə uyğun gəlir. Bu məcburiyyət
onları ən ucuz biletləri götürməyə vadar edəcək. Nəticədə, geniş
sərnişin kütləsi bu ucuzlaşmadan yararlana bilməyəcək. Bütün bu
problemlər AZAL-ın inhisarçı olmasından qaynaqlanır.
"Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək”
Məşhur
səyyah Azər Qərib isə öz AZAL-ın qapalı iclasından sonra yayılmış
açıqlamanın möhtəkirliyə yol aça biləcəyinə diqqət çəkib. "Facebook”
səhifəsində status yazan səyyah bildirib: "Biletlərin güzəştli 30
faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim
mane ola bilməyəcək. Həm də heç kim bilmir ki, 20% güzəşt hansı tarifdən
ediləcək. Bəs, istinad etmək üçün vahid tariflər hardadır? Harda onunla
tanış olmaq olar?” Azər Qərib öz statusunda Avropa istiqamətlərinə də
aşağı büdcəli xətlərin tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Bölgələrdəki hava limanlarımızda...
Hazırda
Azərbaycanda altı hava limanı var. Qubada tikiləcək aeroportdan sonra
Azərbaycandakı hava limanlarının sayı yeddiyə çatacaq. AZAL-ın
prezidenti Cahangir Əsgərov mətbuata açıqlamasında bildirib ki, ölkənin
bütün bölgələrində hava limanlarının inşasını nəzərdə tutulur. Bir halda
ki, ölkənin ən aparıcı hava limanı olan "AZAL” qiymət siyasəti yürüdə
bilməyib öz müştərilərini qaçırırsa, onda boş qalan bölgələrdəki
limanların sayını artırmaq kimə lazımdır?
AZAL-ın səyahət xəritəsi
Avropada
və dünyada dövlət büdcəsindən maliyyələşən hava yolları şirkətləri
səyahət etməyi sevən, lakin bunun üçün çox pul ayıra bilməyən insanlara
əlverişli imkanlar yaradır. Azərbaycanda isə vəziyyət əksinədir.
Məsələn, gəlin real mənzərəyə nəzər salaq. AZAL-ın rəsmi səhifəsində
Bakı-Antalya reysi üzrə bilet qiyməti Biznes Klass üçün təqribən 788
manat təşkil edir. Tbilisi-Antalya reysini həyata keçirən "Turkish
Airlines” isə bu uçuşu 170 dollara yaxın təklif edir. Hətta Türkiyə və
Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedirlər. Statistikaya nəzər
salsaq görərik ki, 2014-cü ildə Gürcüstana 5.515.559 turist gəlib, yəni
günə təqribən 15.111 turist düşür. İyun ayında Avropa Oyunları zamanı
Azərbaycana cəmi 28 min turist gəlib ki, bunun da xeyli hissəsini
Rusiyadan və digər ölkələrdən gələn könüllülər təşkil edib. Deməli,
hətta onları da saysaq, Gürcüstanın 2 gündə qəbul etdiyi turist sayı,
bizim 1 ayda qəbul etdiyimiz turistlərdən çoxdur. Azərbaycan Dövlət
Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə turizm
məqsədilə 2 milyon 129 min 500, 2014-cü ildə təqribən 2 milyon 300 min
insan gəlib.
Azərbaycan daxilində biletin qiyməti
Qərara
görə, Bakı-Naxçıvan-Bakı reysi üçün qiymət 95 manat,
Gəncə-Naxçıvan-Gəncə reysində 39 manat, Bakı-Gəncə-Bakı istiqamətində
birtərəfli uçuş qiyməti isə 56 manat olacaq. Bakı-Lənkəran-Bakı reysi
ilə biletin qiyməti 41 manat, Bakı-Zaqatala-Bakı reysləri üzrə qiymət
isə 52 manat təsdiqlənib. Bundan başqa, Şuranın qərarına əsasən yükün,
poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər isə hər bir
kiloqram üçün 30 qəpik müəyyənləşib. Amma Tarif Şurası özü Nazirlər
Kabinetinə müraciət edəcək ki, Naxçıvana uçuşların qiyməti azalsın.
Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir, hava nəqliyyatı onun
ölkənin başqa əraziləri ilə əsas nəqliyyat növüdür.
"Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür...”
Maraqlı
məqamlardan biri də ondan ibarətdir ki, dünyada neftin qiyməti
ucuzlaşdığı üçün aviaşirkətlər ciddi endirim kampaniyaları həyata
keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur.
Azərbaycanda isə Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən
vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. London-Köln-London
marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu
üzrə 400 km-lik uçuş 100 manata başa gəlir.
Məsələn,
Antalya - Ankara 69 TL, İstanbul - Hurgada 219 $, İstanbul - Şarm
El-Şeyh 219 $ , İstanbul - Graz 119 $, İstanbul - Darüsselam 624 $,
İstanbul - Abuja 631 $ ,İstanbul - Hakkari 99 TL, Ankara - Antalya Uçak
Bileti 69 TL-dir.
"Bizdə qiymət artımının iqtisadi əsası yoxdur”
İqtisadçı
Oqtay Haqverdiyev bildirib ki, Azərbaycanda təyyarə biletlərinə
qiymətlərin baha olması monopoliya ilə bağlıdır. Sanki, bu, bir sirrdir,
nə üçün qiymətlər kəllə-çarxa çıxıb, nə baş verir ki, bizim sadə
insanlarımız normal qiymətlərlə istədikləri ölkəyə gedə bilmirlər?! Onun
sözlərinə görə, qiymətin bahalaşmasına təsir edən əsas amillərdən biri
yanacaqdır. "Başqa ölkələr kimi, yüksək oktanlı benzini idxal etməyə
ehtiyacımız yoxdur. Bilmirəm, belə olan halda nə üçün biletlər ucuz
deyil”.
O,
AZAL-ın başqa aviaşirkətlərlə necə rəqabət aparmasına təəccübünü də
gozlətməyib. İqtisadçı ekspert deyib ki, xarici ölkələrdə mövsümlə
əlaqədar qiymətlərdə endirimlər olur. "Bizdə isə əksinə, daha da
bahalaşdırılır. Ümimiyyətlə, bizdə qiymət artımının iqtisadi əsası
yoxdur. Görünür, bunu ancaq qazanc əldə etmək üçün edirlər. Buna başqa
cür ad qoymaq doğru deyil."
Onun
sözlərinə görə, təyyarənin müasirliyi, xidmətin yüksəkliyi biletlərin
baha qiymətə olmasına təsir göstərə bilər. Azərbaycan son illər istər
nəğd pula, istər lizinq, istərsə də kredit yolu ilə bir neçə təyyarə
alıb, anqarlardakı köhnə hava nəqliyyatları təzələnib. Bəlkə, bura
xərclənən pulu çıxarmaq üçün bilet baha edirlər. Amma başqa ölkələrdə də
müasir təyyarəələr var və çox normal xidmət aparırlar.
Qiymətlərin baha olması ilə bağlı sakinlərin fərqli düşüncələri
Əhali
arasında bəziləri "Azərbaycan Hava Yolları" QSC isə xarici
aviaşirkətlərin eyniistiqamətli uçuşlarının daha ucuz olması ilə
razılaşmır, qiymətlərin bahalığının xidmət keyfiyyətinin yüksək olması
ilə əlaqələndirirlər. Belə dəyərləndirilmə aparılır ki, bizim təyyarələr
onlardan keyfiyyətlidir, komfortludur, servis yüksəkdir, uçuşlarımız
təhlükəsizdir və sair.
Əksəriyyət
qiymətlərin baha olmasından narazılıqlarını bildirir, bəziləri bunu
bahalı təyyarə amili ilə əlaqələndirirlər. Rusiyada yaşayan azərbaycanlı
Bayram Süleymanov isə düşünür ki, AZAL rəqiblərini bazara buraxmır.
Onun sözlərinə görə, AZAL bazarda öz mövqeyini qorumağa çalışır. Digər
rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq
istəyir. "AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən
çoxdur. İndi bazarda rəqiblərin olmaması, müştərinin seçim imkanı məhdud
olması AZAL-ın istədiyi qiyməti təklif etməsinə gətirib çıxarır.
Təyyarə biletlərinin qiymətinin baha olması Azərbaycana turist axınının
qarşısını alır."
"Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin deyil”
Xatırladaq
ki, AZAL bu ilin mart və aprel aylarında Macarıstanın WizzAir və
Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyətini dayandırıb.
Buna səbəb bu iki hava yolunun təyyarə biletlərinin ucuz qiymətə
satılması olub. Çünki xarici şirkətlərin xidmətindən istifadə olunması
pulların ölkədən getməsi deməkdir. Bu baxımdan AZAL-da qiymətləri
müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş
tarifləri nəzərə alınmalıdır. Yekun nəticə onu göstərir ki, Azərbaycanda
qiymətlər qonşu ölkələrdən də ucuz olmalıdır. Çünki Azərbaycan aviasiya
kerosini istehsal edən ölkədir. Biz hətta aviasiya kerosinini bəzi
ölkələrə satırıq. İndi Azərbaycanda elə bir mexanizm yaratmaq olar ki,
ətraf ölkələrin sakinləri məhz Azərbaycan üzərindən uçmağa üstünlük
versinlər. Yəni Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin
deyil. Amma çox təəssüf ki, hələlik bu arzu olaraq qalır.
AZAL biletlərin ucuzlaşmasına imkan vermir?
Ekspertlər
isə bildirirlər ki, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı
monopolist mövqeyindən qaynaqlanır. İddialara görə, ucuz uçuşlar həyata
keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur.
Ölkəni tərk etməyənlər isə AZAL-la rəsmi olmayan qiymət müqaviləsi
bağlamalıdır. Həmçinin, bildirilir ki, Azərbaycandan uçuşlar
reallaşdıran başqa hava yolları firmaları üçün əlavə "ödənişlər” də
tələb olunur. Bu da onların da qiymətləri yüksək saxlamasına səbəb olur.
Turizm agentlikləri də bildirirlər ki, "turpaket”lərdə təqdim edilən
məbləğin təqribən 70 faizini bilet qiymətləri təşkil edir. Həmçinin,
bildirilir ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət
aparmaq üçün də imkan yaratmır. Bəzi məlumatlara görə, hava yolları
vasitəsilə sərnişin daşınması ilə məşğul "Turan Air” şirkəti artıq
fəaliyyətini dayandırıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl
sektoru bir şirkət - "Silk Way Business Aviation” MMC təmsil edir. Bu
şirkətin bazarda payı cüzidir - sərnişin daşımalarının 0,4 faizi özəl
şirkətlərin payına düşür. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir
və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu
tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması
yoxdur. Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta
statistik azərbaycanlılar üçün əlçatmaz edib. Ekspertlər isə bildirirlər
ki, səbəb AZAL-ın bazarda heç bir rəqibinin olmamasıdır. Bu səbəbdən
dünyaboyu müşahidə edilən endirim kampaniyaları da AZAL-da müşahidə
edilmir. Həmçinin, neftin qiymətinin ucuzlaşması da bu məsələdə
təsirsizdir. AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir.
Ancaq
qiymətlərdə yenə də fərq var. Belə ki, Bakıdan İstanbula Türk Hava
Yolları ilə uçanlar, AZAL-la uçanlarla müqayisədə təqribən iki dəfə az
pul ödəyirlər
Həmçinin,
o da bildirilir ki, Gəncədən İstanbula uçuş həyata keçirən "OnurAirz”
şirkəti Bakıya buraxılmır. Macarıstanın "Wizz Air” hava yollarının
Bakı-Budapeşt marşrutu da bağlanıb. Əvvəlcə aviareysin rentabelli
olduğu bildirilsə də, sonradan qiymətlərin ucuzluğu səbəbindən şirkət
ölkədən çıxarılıb. "Wizz Air” həftədə iki dəfə 180 yerlik təyyarə ilə
uçuşları həyata keçirirdi. Macarıstana səfər edənlərin sayının
artmasının əsas səbəbi kimi, bu reysin qiymətlərinin digər reyslərlə
müqayisədə çox aşağı olması göstərilir. Və çox ucuz səfərlər təşkil edən
"Wizz Air”ə artıq iki ildir ki, Azərbaycanda fəaliyyət imkanı verilmir.
Həmçinin "Peqasus” Airlines şirkəti Gəncədən Türkiyəyə ucuz qiymətə
səfərlər təşkil edirdi. Artıq buna da imkan verilmir. Türk Hava Yolları
ilə isə AZAL qiymət sazişi bağlayıb ki, qiymətlər aşağı düşməsin.
Ekspertlər
də ölkədə təyyarə biletlərinin baha olmasının əsas səbəbinin
inhisarçılıq olduğunu vurğulayırlar. Yəni bazarda digər müstəqil
oyunçular yoxdur. Nə yerli, nə də xarici şirkətlər bazara buraxılmır.
Müəyyən qədər yer tutan "Türk Hava yolları” şirkəti isə Azərbaycanın
diktə etdiyi qaydalara görə fəaliyyətini qurur. Yəni tam müstəqil
şəkildə fəaliyyət göstərə bilmir. Məsələn, Bakıdan digər ölkələrə
uçuşlar təşkil edə bilmir.
Ekspertlər həmçinin bildirirlər ki, aviauçuşların qiymətinin Tarif Şurası tərəfindən tənzimləməsi daha düzgün olardı.
"Turistlər AZAL-ın yüksək qiymətləriylə Azərbaycana uçmağa maraq göstərmirlər”
İqtisadçı
ekspert Vüqar Bayramov bildirib ki, AZAL-da aviabilet qiymətinin yüksək
olması turizm sektorunun inkişafını ləngidir. Onun sözlərinə görə, bu
hal vətəndaşların yerli aviakampaniyalardan istifadəsini
məhdudlaşdırır. Son dövrlər xaricə gedən vətəndaşlarımızın bir qismi
Gürcüstanın paytaxtından Avropa ölkələrinə və digər ölkələrə səfər
edirlər. Bu da sərmayənin artıq digər ölkələrin aviakampaniyalarına
yönəlməsinə səbəb olur. Bundan başqa, bu, ölkəyə gələn turistlərin
sayına da təsir göstərir. Bakıya gələn turistlərin xərci artır. Belə ki,
turistlər AZAL-ın yüksək qiymətləriylə Azərbaycana uçmağa maraq
göstərmirlər.
İqtisadçı
bildirir ki, tariflər yüksək olduğu üçün Bakıya uçan digər
aviaşirkətlərində də biletlər baha olur. Belə ki, Türk Hava Yollarının
Tiflis uçuşu ilə Bakıya uçuşunu müqayisə etsək, Bakıya uçuşla müqayisədə
bu, təxminən 60 faiz ucuzdur. Bu səbəbdən də Azərbaycan vətəndaşı Türk
Hava Yollarından Gürcüstana uçan reyslərə üstünlük verir, nəinki Bakıya
uçan reyslərə. Buna görə də yalnız qiymətlərin endirilməsi deyil, eyni
zamanda həm də tariflərin endirilməsi labüddür.
İqtisadçı
bildirir ki, AZAL-ın bilet qiymətlərini 40 faizə qədər endirməsi
mümkündür: "İndiki məqamda əgər AZAL qiymətləri, eləcə də tarifləri 40
faiz aşağı salarsa, bu, AZAL-ın mənfəət normasına təsir göstərməyəcək,
şirkət yenə mənfəətlə işləyəcək. Bu da, eyni zamanda, imkan verəcək ki,
vətəndaşlar daha ucuz reyslərdən istifadə etməklə xarici ölkələrə
səfərlər etsin. Həmçinin, əcnəbilər daha ucuz turizm paketləri almaqla
Azərbaycana səyahət edə biləcəklər ki, bu da ölkəmizə gələn turistlərin
sayının artmasına gətirib çıxaracaq”.
AZAL haqqında qısa qeyd:
Azərbaycan
Respublikasının milli aviadaşıyıcısı – "Azərbaycan Hava Yolları” QSC
(Azerbaijan Airlines) 1993-cü ildə yaradılıb. Hava gəmiləri parkı 30
müasir təyyarədən ibarət olan və baza hava limanı Bakıda, "Heydər Əliyev
adına Beynəlxalq Hava Limanı” olan daşıyıcı Avropa, Asiya, ABŞ və MDB
üzrə 57 istiqamətdə uçuşlar yerinə yetirir və bu göstəriciləri nəzərə
alaraq Qafqaz və Xəzər regionlarında qabaqcıl mövqedədir. 24 dekabr
2014-cü il tarixində dünyanın ən müasir təyyarələrindən biri olan
"Boeinq 787 Dreamliner”-i istismara verdikdən sonra "Azərbaycan Hava
Yolları” Müstəqil Dövlətlər Birliyində bu tip təyyarəni istismar edən
ilk aviaşirkət olmuşdur. "Azərbaycan Hava Yolları” (AZAL) böyük
aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən
biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən
ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən
çox sərnişin daşıyıb. Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki
Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL
isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava
Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Belə
bir nüfuza sahib olan və məhz sərnişinlər üçün yaradılan aviaşirkətin
bilet qiymətlərini kəllə-çarxda saxlaması sərnişinləri narazı salmaqla
yanaşı, ölkənin nüfuzuna təsir göstərir. Bunu aradan qaldrmaq üçün
mütləq ciddi addımların atılması çox vacibdir.
Tahirə QAFARLI / İnform.az