XX əsrin sonları Azərbaycan üçün mürəkkəb tarixi şəraitlə səciyyəvidir. 1988-ci il Sumqayıt hadisələri, daha sonra Bakıda mitinqlər, Gəncə hadisələri, həmçinin I Qarabağ müharibəsi və digər hadisələr həmin dövrdə Azərbaycan üçün çətin dönəmlər idi.1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı. Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Heydər Əliyev də 1999-cu ildə "Washington Post" qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib.
Daha sonra dövlət çevrilişinə cəhd 1995-ci ildə baş vermişdir. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".
İzaha ehtiyacı olmayan bir həqiqətdir ki, xalqımızın tarixində qara ləkə kimi görünən 17 mart hadisələri Azərbaycanın dövlətçiliyinə, onun müstəqilliyinə qrşı yönəlmiş birbaşa qəsd idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu xoşagəlməz, arzuolunmaz, xalqın nifrət və qəzəbinə düçar olmuş üzdəniraq olayları dəstəkləyənlər də vardı.
Bu hadisələr öz başlanğıc mənbəyini Qazax və Ağstafa rayonlarından götürmüşdü. Bunun da bir sıra məqamları mövcuddur. Xatırladaq ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin bir bölməsi Qazax rayonunda yerləşirdi. Özlərini polis, asayiş qoruyucuları adlandıran bu harınlamış, qudurğanlıq həddinə çatmış qüvvələr heç kimlə hesablaşmırdılar.Bu azğınlaşmış, haqqın, ədalətin, yolundan sapmış qüvvələrin törətdikləri əməllər öz acı nəticələrini verdi. Haqlı cəzalarına çatmış Cavadov qardaşları və Azərbaycanın müstəqilliyini istəməyən qara qüvvələr çalışırdılar ki, Elçin Əmiraslanovun dəstələri respublikanın qərb bölgəsində bir xaos, hərcmərclik yaratsınlar. Ona görə də istəyirdilər ki, bu gərginlikdən, dərəbəylikdən istifadə edib Bakıdakı havadarlarını qaragüruhçularıayağa qaldırsınlar.
Lakin nəticə olaraq, respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin, bu şərəfsiz, qanlı-qadalı yola uyanları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaylardan neçə-neçə illər keçib. Lakin yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdidir.
Mustafayeva Aytac
Nəsimi rayon gənci



