Azərbaycanın yeni iqtisadi inkişaf kursu, xarici iqtisadi əlaqələri və neft strategiyası 1996-cı ildən başlayaraq tədricən öz müsbət nəticələrini verərək, ölkəyə dünya iqtisadiyyatına və siyasətinə inteqrasiya istiqamətində ciddi addımlar atmağa imkan yaratdı. Xüsusən "Əsrin müqaviləsi"nin imzalanması bir dövlət olaraq Azərbaycanın dünyada və regionda geosiyasi və geoiqtisadi əhəmiyyətini artırdı, onu bölgədə və dünyada arzuolunan iqtisadi tərəfdaşa çevirdi. O vaxta qədər Cənubi Qafqaz və Xəzər hövzəsinin ən problemli, daxili münaqişələrin, etnik-milli, sosial və dini qarşıdurmaların tüğyan etdiyi Azərbaycan, tezliklə regionda geosiyasi və geoiqtisadi cəhətdən ən əhəmiyyətli bir ölkəyə, arzu olunan iqtisadi tərəfdaşa və ciddi persrektivlər vəd edən dövlətə çevrildi.Böyük iqtisadi, əmək resursları və insan potensialına, zəngin enerji mənbələrinə, əlverişli coğrafi mövqeyə və ən əsası, tam müstəqil, balanslı, təkmil daxili və xarici siyasət kursuna, aydın geostrateji, geoiqtisadi mövqeyə malik olması - Azərbaycana regionun vahid liderinə çevrilməsi imkanı yaratdı.
Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq ölkəmizi Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın lider dövlətinə çevirdi. Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən lider dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar regional və beynəlxalq səviyyədə müəyyən iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandırmaqla yanaşı, həm də ölkə qarşısında daxili həyatda, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, o cümlədən bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət göstərmək kimi vacib tələblər qoydu.
Azərbaycanın regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən əsas amillərdən biri Xəzərin ona məxsus sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdyi müstəqil enerji siyasəti olmuşdur.
Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin etməsi təkcə Azərbaycanın özünün deyil, həm də bütün Xəzər-Qara dəniz hövzəsi regionunun, Avropa və Amerikanın, bütün dünyanın strateji maraqlarını təmin edir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Aysel Mənsimova – YAP üzvü



