Azərbaycan dövlət müstəqilliyini qazandığı və dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycanlığın bir ideologiya olaraq önə çəkilməsi Ulu Öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində reallaşmışdır. Azərbaycançılıq ideologiyası şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, arzularını əks etdirir. İdeologiya dövləti yaradır, yaşadır, onun uğrunda ölməyi bacaran nümunəvi övladlar yetişdirir. Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətin ideologiyasına çevirdi. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir". 1993-cü ilin sonlarından etibarən milli ideologiyanın, azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri standartlar sayəsində formalaşmasının şahidiyik. Azərbaycançılıq bu gün milli ənənələri özündə birləşdirir. Bütün bunlar Ulu Öndərimizin xalqı qarşısında tarixi xidmətləridir.
Bugün Azərbaycan dünyada öz sözünü demiş, öz günücünü göstərmiş, haqq davasından qalib çıxmış yeganə dövlətlərdəndir. Günümüzdə bəlkə elə bir dövlət yoxdur ki, Azərbaycanımızı tanımasın. O Azərbaycan ki, ta keçmişdən bəri dövlətlər arasında oyuncağa çevrilən, başına min bir fəlakət gətirilən, zorla parçalanan Azərbaycan.. Ancaq bugün biz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin də vurğuladığı kimi güclü dövlətik və bizim güclü ordumuz var. Biz bu gücü müzəffər ordumuz sayəsində əldə etmişik, onların sayəsində bugün erməni cəlladları tərəfindən işğal olunmuş torpaqlarımıza qovuşmuşuq və düşmənə layiqli cavabını cəbhədə vermişik.
Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik. 44 günlük müharibə müddətində insanlıqdan xəbəri olmayan düşmən cəbhədən xeyli uzaqlıqda olan şəhərlərimizə bombalar yağdırdı, atəşə tutdu. Ancaq biz bu vəhşiliklərin cavabını artıqlığı ilə döyüş meydanında verdik.
Bu, şanlı, müzəffər ordumuzun, xalqımızın qələbəsi idi, bu, bütün azərbaycanlıların qələbəsi idi. Xalqın ruh yüksəkliyinin, Ali Baş Komandanımıza, ordumuza inamının, birliyinin qələbəsi idi. Müzəffər Ordu qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. Ordumuz hədəfinə çatdı. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və mərdliyini nümayiş etdirdi. Müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırdı. Çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq və bütövlüyümüzü bir yumruq kimi birləşərək son nəfəsimizə kimi qorumalıyıq.
Arzu Kərimli
Bakı Slavyan Universiteti



