1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub.
Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir.
Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına,qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu üzvlərindən birinə çevrilib. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb.
Hərəkata üzv ölkələrin dövlət və hökümət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.Bu, ölkəmizə göstərilən hörmət,inam və etimadın təzahürüdür.
Yaxın keçmişdə Bakı daha bir mötəbər tədbirə-Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi etmişdir.Dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin,25 ənənəvi din və təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndələrinin qatıldığı sammitin ölkəmizdə keçirilməsi təbiidir.Çünki əsrlər boyu ölkəmizdə bütün dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq,dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar.Bu birgə yaşayış tərzi dünyanın digər ölkələrinə nümunədir.
Koronavirus pandemiyasının ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə səmərəli və məhsuldar fəaliyyət göstərib. Azərbaycan beynəlxalq səviyyədə də COVID-19-a qarşı mübarizədə yüksək fəallıq göstərib, 30-dan artıq ölkəyə yardımlar təşkil edib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib, bu əməllərlə dünyanın rəğbətini qazanıb.
Bu gün isə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçılarısəviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə verilən dəstək isə həm xarici dövlətlərin, həm də beynəlxalq təşkilatların ölkəmizə olan ən böyük etimadın göstəricisidir.
Bu həm də onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması qaçılmazdır və labüddür, cənab Prezidentin isə dünya problemlərinə düzgün və praqmatik yanaşması, müdrik baxışı və qlobal liderlik keyfiyyətlərinin nümayiş etdirilməsi göz qabağındadır.
Mirtural Mirsultanov – YAP üzvü



