Bakıda son bir neçə ay ərzində sürətlə açılan
qumarxanaların sayı hər gün daha da artır. Artıq demək olar ki, paytaxt
Bakının elə bir rayonu yoxdur ki, orada loto-qumarxanalar fəaliyyət
göstərməsin. Elə Bakının ayrı-ayrı rayonlarında yerləşən bir çox
qumarxanalardan reportajlar mütəmadi olaraq dərc edilib.
Maraqlısı
isə bundadır ki, nə qədər çox yazsaq da, bu qumarxanaların sayı hər gün
artır. Bu dəfə isə, daha bir məkan Binəqədi rayonunda istifadəyə
verilib. Yüzlərlə şəxsin üz tutduğu bu məkan hər gün kimlərinsə cibini
doldurur, kimlərinsə cibini boşaldır. Əvvəlki reportajlarımızda da
bildirdiyimiz kimi, bu məkanlarda qumarbazların pul qazanmağı çox asan
şəkildə başa gəlir. 3 loto kartını 2 manata müştərilərə satan
işlədicilər, masalardan yığılan pulların bir hissəsini uduşa qoyurlar.
Onlar kimin udub-uduzmasından asılı olmayaraq, hər oyundan öz paylarını
alırlar.
Hər ay on minlərlə manat qazancı olan
bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsindədir.
Asan gəlirli bu sahə elə bunun nəticəsidir ki, son aylarda sürətlə
inkişaf yolunu tutub.
Çayın pulsuz verildiyi
loto-qumarxanalarda hər gün yüzlərlə insan toplaşır. Axşam saatlarında
isə, bu məkanlarda boş yer tapmaq qeyri-mümkündür. Asan yolla pul
qazanmaq üçün qumarxana açanlar kimi, asan yolla pul udub, cibini
doldurmaq istəyənlər də az deyil. Görünən də budur ki, qumarxanalara
marağın böyük olması onların saylarının artmasına zəmin yaradır.
Bu
qumarxanaların qanunsuz olaraq fəaliyyət göstərdiyini izah etməyə gərək
yoxdur. Onlar barəsində lazımi tədbirləri kimlərin görməsinə gəlincə,
bu da yetərincə açıq və aydın olan məsələdir. Sonuncu olaraq Neftçilər
metrosunun çıxışında yeni açılan loto-qumarxana haqda məlumat vermişdik.
Məlumatdan bir gün sonra obyekt bağlandı. Lakin, iki gün sonra məkanı
yenidən açan qumarbazlar, işlərini əvvəlki kimi davam etdirməyə
başladılar.
Bakıda qumarxanaların sayının
sürətlə artması təkcə bizim diqqətimzi çəkmir. Tanınmış vəkil Aslan
İsmayılov da qumarxanaların fəaliyyətindən xəbərdar olduğunu deyərək,
sosial şəbəkələrdə bu barədə maraqlı məlumat paylaşıb.
Bakıda
faktiki olaraq qumarxanalar kimi fəaliyyət göstərən lotoxanalar,
internet klublardakı kazinolar barədə məlumat topladığını deyən vəkil,
bu məkanlara kimlərin nəzarət etdiyini öyrəndiyini də bildirib. Lakin
həmin qumarxanaları idarə edən şəxslərin gücündən ehtiyatlandığını qeyd
edən vəkil, açıqlayacağı məlumatlara görə həbs ediləcəyini düşünür:
"Bakı
şəhərində 60-a yaxın belə qumarxana fəaliyyət göstərir və bunu bilən
hüquq mühafizə orqanları onlardan haqq alırlar. Bakı şəhərində mərkəzi
güc strukturlarına aid olan bir Baş İdarənin konkret əməkdaşı həmin
qumarxanalara kuratorluq edir və hər ay lotoxanalardan 15 min manat,
internet klublardan, quraşdırılmış aparatlara uyğun olaraq 5-10 manat
haqq alır. Bundan əlavə, hər rayonun bir hüquq mühafizə orqanının
idarəsi də həmin obyektlərdən aylıq 5 min manat haqq alır. Bölmələrə bu
işə qarışmaq qadağan olunub. Bu obyektlər onların ərazisində fəaliyyət
göstərsələr də, ora müdaxilə edə bilmirlər. Həmin qumarxanalar KİV-lərin
ağzını yummaq üçün də konkret adam vasitəsi ilə onların da haqqını
çatdırır. Buna orta hesabla hər təşkilatdan ayda təxminən 3 min manat
xərc çıxır. Məhz buna görə də şəhərin gur yerlərində loto və həmin
obyektləri reklam edən bukletlər açıq aşkar satılır”- deyə A.İsmayılov
qeyd bildirib.
Əvvəlki yazılarımızda da qeyd
etdiyimiz kimi, bu məkanların belə rahat və sərbəst şəkildə fəaliyyət
göstərməsi məkanlarda olanların bacaracağı bir iş deyil. Çünki bu kiçik
adamların böyük işi ola bilməz. Bu qumarxanalar böyük adamların, böyük
oyunlarıdır…(musavat.com)