Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı!
Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.
Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin əsasını qoyan 2003-cü ilin 15 oktyabr seçkilərindən keçən 17 illik bir tarix xalqın qətiyyən yanılmadığını, öz taleyini hər zaman güvəniləsi siyasi liderə etibar etdiyini dönə-dönə təsdiqlədi. Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsi kimi qiymətləndirilən bu seçkilər və ondan sonra ölkədə həyata keçirilən çoxşaxəli mütərəqqi islahatlar xalqın strateji seçiminin düzgünlüyünü sübuta yetirdi.
Mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd edilən kimi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır. Dövlət başçısının da dediyi kimi, bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Adambaşına düşən milli gəlirin yüksəlməsi, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artması, birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması, əməkhaqlarının artırılaraq layiqli həyat səviyyəsinin təmin edilməsi kimi məqamlar bu prioritetlərin icrasından əldə olunacaq nəticələrin az bir hissəsi kimi nəzərdən keçirilə bilər. Beləliklə, Ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.
Bu gün bütün Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirərək həm ön, həm də arxa cəbhədə müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusuna birmənalı dəstəyini nümayiş etdirir, cəmiyyətdə yüksək döyüş əhval-ruhiyyəsini qoruyub saxlayır. İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış sahələrini hədəf aldığı, çoxsaylı dinc insan təlafatları ilə nəticələnən təcavüzkar aksiyaları belə, mübariz xalqımızın iradəsini və döyüş əzmini sarsıda bilmədi.
Müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində fəal iştirak edirlər.
Aysel Mənsimova – YAP üzvü



