Bildiyimiz üzrə, Böyük Vətən müharibəsi, Azərbaycanın qələbəsi ilə başa çatıb. Bu qələbənin əldə olunması üçün zəruri olan bütün şərtlərin bizdə mövcudluğunu nəzərə aldıqda, bu qələbənin gözlənilən olduğunu rahatlıqla deyə bilərik. Qalibiyyətimiz, tarixi torpaqlarımızı bizə qaytardı və ərazi bütövlüyümüz tamamilə bərpa olundu. Lakin bu ərazilərin vəziyyəti heç də ürəkaçan deyil.
Şəhərlər, evlər tamamilə dağıdılıb. Məscidlərdə heyvan saxlanılıb və tarixi abidələrimizə çox ciddi zərərlər vurulub. Məscidlərdə, insanların ibadət etdiyi yerdə inək və donuz saxlamaq, bütün İslam dünyasına təhqir hesab olunmalıdır. Bütün bu dəhşətli hadisələr, dünya mətbuatının da gözündən qaçmır. Xarici və yerli jurnalistlər, Ağdamı Qafqazın Xirosiması adlandırıb. İşğaldan azad edilmiş Füzuli şəhərində, bayraq asmaq üçün salamat bir tikili mövcud deyildi. Bütün bunlar erməni vəhşiliklərinin sübutudur.
Bununla yanaşı, minaların xəritəsi hələ də Azərbaycana təqdim olunmayıb. Bu hərbi cinayətə görə, minalardan təmizlənmə işi daha çox vaxt aparacaq. Bu təmizlənmə işlərindən sonra köçkün və qaçqın soydaşlarımız, öz yurdlarına qovuşacaqlar.
Artıq bizləri abadlıq işləri ilə dolu olan günlər gözləyir. Tarixi torpaqlarımız düşmən tapdağından azad edildi. Bu böyük uğurun ardı, davamlı şəkildə inkişaf etməkdə olan yüksəliş olacaqdır. Bərpa işləri son sürət ilə davam edir və bu bərpa işləri tamamilə başa çatdıqdan sonra, bu ərazilər vətəndaşlarımız, ölkəmizə gələcək turistlərimiz üçün hazır vəziyyətdə olacaq.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Azərbaycan Dillər Universiteti
Əlixanlı Fatimə



