Hər birimiz Qələbə sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək xalqımız üçün çox sevindirici və qürurverici hissdir. Müzəffər Ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham Əliyevdir.
Ordumuz Ali Baş Komandanın əmrlərini fədakarlıqla yerinə yetirərək tarixi qələbə qazanmışdır. Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi və ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilmişdir. Biz bu müharibəni şəhidlərimizin qanı-canı bahasına, hərbçilərimizin rəşadəti hesabına qələbə ilə başa çatdırmışıq. Vətənin cəsur oğulları düşmənə qarşı bir nəfər kimi silaha sarılıb layiqli mübarizə aparmış, qələbəmizin qazanılmasında böyük qəhrəmanlıq göstərmişdilər.
Möhtəşəm hərbi zəfərimiz sayəsində siyasi müstəvidə də qələbənin qazanılması təmin edilmişdir. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev dünyanın taleyini həll edən böyük dövlətlərin təzyiqlərinə qarşı öz yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkdi, Qafqazda yeni reallıq yaratdı.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.
Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan "Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü.
Qarabağ bizim cənnət məkanımız, doğma yurdumuz, 30 ildir həsrətini çəkdiyimiz vətən torpağımızdır. Torpaqlarımız işğal olunduğu gündən etibarən bütün tarixi abidələrimizin dağıdıldığı, mədəni irsimizin düşmən tərəfindən məhv edildiyi bizə məlum idi. Bu gün isə o dağıntıların, erməni vandalizminin öz gözlərimizlə şahidi oluruq. Doğma torpaqlarımızı dağılmış vəziyyətdə görmək nə qədər ağrılı olsada bizim ürəyimizdəki sevinc hissi daha güclüdür. Çünki, müzəffər ordumuz sayəsində torpaqlarımız azaddır və şəhidlərimizin qanı bahasına azadlığına qovuşmuş Qarabağ bundan sonra daim inkişaf edəcək, abadlaşacaqdır.
Ölkə başçımız Prezident İlham Əliyevin bu ilin mart ayının 15-də işğaldan azad olunmuş Füzuli və Xocavənd rayonlarına səfəri baş tutmuşdur. Səfər zamanı çıxışı edən dövlət başçımız Hadrut əməliyyatının önəmindən, bizi qələbəyə aparan uğurlu hərbi strategiyamızdan söz açmışdır. Füzuli şəhərində olan Prezident İlham Əliyev burada şahidi olduğu mənzərəni "vəhşilik" adlandırıb. Çünki, Füzuli şəhəri tamamilə dağıdılmış, orada bir dənə belə olsun salamat bina qalmamışdır. Ermənilər Azıx mağarasına xarici mütəxəssislər gətirərək burada gördükləri işlərlə mədəni irsimizə böyük ziyan vurublar. Onlar tarixi faktları saxtalaşdırmağa çalışsalarda sonda bu əməllərinə nail ola bilmədilər.
Danılmaz faktdır ki, ermənilər bütün Qarabağımızı məhv ediblər. Dövlətimizə , tariximizə maddi və mənəvi böyük ziyan vurublar. Düşmənin bizə vurduğu ziyan nə qədər böyük olsada bizim düşmən üzərindəki qələbəmiz ondan da böyükdür. Artıq, ölkə başçımızın əmri ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpaetmə layihələri icra olunur. Yaxın gələcəkdə bizi səyahət edən hər kəsi özünə heyran edəcək bir Qarabağ gözləyir!
Məmmədova Simranə
Nəsimi rayon gənci



