Məlumat üçün bildiririk ki, cari ilin 31 mart tarixində səfir Elxan Poluxov Braziliyanın Mina Jerays Universitetinin (UFMG) Beynəlxalq Tədqiqatlar mərkəzinin müəllim və tələbə heyəti və onlayn izləyicilər üçün "Azərbaycanda enerji geosiyasəti” mövzusunda mühazirə oxumuşdur. İlk növbədə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi tariximizdə qaldığı və bu faciəvi günlərdə erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər, 90-ci illərdə isə onun davamı olan Birinci Qarabağ müharibəsi və erməni təcavüzü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Həmçinin keçən il Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, hazırda bu bölgədə bərpa işlərin aparıldığı və regionda sülhün bərqərar olunması naminə dövlətimiz tərəfindən atılan addımlar haqqında danışıldı.
Mühazirə zamanı dinləyicilərə Azərbaycanın enerji geosiyasətinin təməlini qoyan və onun arxitektoru Ümummilli Liderimiz Heydər Əliyevin bu sahədə əvəzsiz rolu, ölkəmizi dünyanın siyasi və enerji xəritəsində ön siralara çəkilməsi istiqamətdə yürütdüyü uzaqgörən siyasəti və onun nəticələri ilə tanış oldular. Ulu Öndərin davamçısı olan Prezident İlham Əliyevin davamlı və milli maraqlarımıza söykənən siyasəti nəticəsində, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçılar sıralarında yer tutduğu vurğulamışdı. Çıxış zamanı səfir E.Poluxov ölkəmizin enerji siyasəti sahədə gələcək planları və perspektivləri haqqında da danışmışdı. Tədbirin sonunda auditoriya və internet izləyicilərin sualları cavablandırılmışdı.



