Bildiyimiz kimi, sentyabrın 27-indən etibarən başlamış 44 günlük müharibə, Azərbaycanın qələbəsi ilə başa çatdı. İlk addımdan uğur qazanan Azərbaycan, layiq olduğu zəfəri əldə etdi. Bunun əsas səbəbi, güclü hərbi strategiya idi. Bununla yanaşı, Azərbaycan Ordusunun düşmənlərimiz ilə apardığı cəsur döyüş, hər birimizin qürur mənbəyidir.Ordumuz, əsgərlərimiz 44 günlük müharibə ərzində, heç bir mülki şəxs ilə mübarizə aparmayıb, vətəndaşların yaşadığı ərazilərə müxtəlif hərbi vasitələr ilə hücum etməyib. Biz, gücümüzü döyüş meydanında göstərdik.
Böyük qələbəmizin təməl addımlarından biri Hadrut qəsəbəsinin azadlığa qovuşması oldu. Xüsusi əhəmiyyət kəsb edən Hadrut qəsəbəsi, oktyabrın 9-da işğaldan azad edildi. Bu böyük uğurun ardınca, 17 oktyabr tarixində, Füzuli şəhəri düşmən tapdağından azad edildi. Bütün bunlar qalibiyyətlə necə yaxın olduğumuzun göstəriciləri idi. Bu davamlı uğurların əsas səbəbi isə, hərbi strategiya idi.
Ərazi bütövlüyümüzü yenidən bərpa etmiş bizlər, mənfur düşmənlərimizin tarixi torpaqlarımızda necə vəhşiliklər törətdiklərini gördükcə, dəhşət içərisində qalırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı, erməni qüvvələrinin dağıdıcılıq siyasətinin nəticələri ilə yaxından tanış olub. Binalar, tarixi abidələr düşmən tərəfindən darmadağın edilib. Bütün bu dağıdıcılıq işləri, torpaqlarımız işğal altında olan zaman baş verib. Bu da, erməni vəhşiliklərinə göstərə biləcəyimiz nümunələrdən biridir.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası, tarixi torpaqlarımızda abadlıq işlərinə sürətli bir şəkildə davam edir. Torpaqlarımız, ən qısa zamanda dirçələcək, və düşmənin yaratdığı xəsarətlərdən qurtulacaq. Erməni vandalizminin sona çatdığı bu torpaqlar, Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Tariximizi saxtalaşdırmağa çalışan ermənilər, bu dağıdıcılıq siyasəti ilə yanaşı, saxtalaşdırma işləri də aparmağa çalışıblar. Hünərli kəndində yerləşən Alban məbədində erməni dilində yazılar yazaraq, bu məbədi qədim erməni məbədi kimi göstərməyə çalışan düşmənlərimiz, bu məqsədlərinə nail ola bilmədilər. Lakin Azərbaycan, Ermənistandan fərqli olaraq, bütün dinlərə hörmətlə yanaşır. Ölkəmizin ərazisində bir çox xristian kilsəsi, həmçinin İslam dininə məxsus tikililər mövcuddur. Bu vəhdət, Respublikamızın bütün dinlərə qarşı anlayışlı yanaşmasının nəticəsidir. Bu anlayışa sahib olmayan Erməni qüvvələri tariximizi saxtalaşdıra bilmədi. Azərbaycanın tarixi sərvətlərindən biri olan Azıx mağarasında qanunsuz işlər aparan ermənilər, bu işlərində də uğursuz oldular. Çünki Azıx mağarası bizim tarixi sərvətimiz, ən qədim yaşayış məskənidir. Mədəni irsimizə vurulan zərərin sadəcə bir parçası olan bu tarixi abidə, Ermənistanın necə təcavüzkar addımlar atdığını göstərir. Lakin düşmən artıq layiqli cavabını aldı və ərazi bütövlüyümüz ədalətli bir şəkildə bərpa edildi. Qarabağ Azərbaycandır və bu gerçək bir daha sübut olundu!
Nəsimi Rayon gənci
Azərbaycan Dillər Universiteti
Hüseynli Elşən



