Biz uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq. Böyük işlər aparılmış və bu işlərin səmərəsi olmuşdur. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi.
Dövlət başçısı bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Eyni zamanda bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində biz iqtisadiyyatımızı gücləndirirdik. Biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə biruzə verirdi”.
Dövlət başçısı bildirib: "Biz dünyada gedən prosesləri diqqətlə izləyirik və görürdük ki, son illərdə beynəlxalq hüquq, norma və prinsipləri kobudcasına surətdə pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi.”
Bundan əlavə, son illər ərzində, xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. "Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyur, danışıqları mənasız edirdi. Biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında – müharibəyə 3 gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən dövlət başçımız demişdir ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Ali Baş Komandanımız əmr verdi ki, Azərbaycan əsgəri, irəli! Torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq! Belə də oldu. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi. Hər gün bizim şanlı tariximizdir. Nəhayət ki, haqq yerini tapdı. Azərbaycan əzəli torpaqlarına qovuşdu.
Azərbacan xalqı tarixi qələbə qazandı. Biz 30 il bundan öncə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması uğrunda mübarizə apardıq. Ermənistan hər zaman Azərbaycan əhalisini qovub. Bu 80-ci illərin sonlarında Ermənistanda yüz minlərlə azərbaycanlının qovulduğu vaxt başlanıb. Daha sonra Qarabağda bütün azərbaycanlıların qovulması ilə etnik təmizləmə prosesi başlayıb və nəhayət, azərbaycanlılar Qarabağın ətrafındakı yeddi rayondan qovulub.
Ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası üzrə diplomatik səylər məlum qətnamələrin qəbul edilməsinə və Azərbaycanın işğal edilmiş ərazilər üzərində suverenliyinin tanınmasına gətirib çıxarıb. Ancaq Ermənistan bunu etiraf etmək və işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarmaq istəməyib.
Azərbaycan xalqı və rəşadətli ordusu bütün bu illər ərzində hazırlaşıb və münaqişənin hərbi yolla həllini heç vaxt istisna etməyib.
Bu gün biz tarixi ədaləti bərpa etdik. Hərbi həll qaçılmaz idi, çünki dünya birliyi münaqişənin həlli üçün heç nə etmədi. Son iki ildə Ermənistan hakimiyyətinin siyasəti bir daha göstərdi ki, danışıqlar mənasızdır. Bundan əlavə, Yerevan Azərbaycana qarşı hərbi təxribatları gücləndirib, müharibəyə hazırlaşdığına işarə etməyə başlamışdı.
Azərbaycan ordusu sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Ali Baş Komandanımız əmr verdi ki, irəli Azərbaycan ordusu, torpaqlarımızı azad edək!
44 gün ərzində biz hər gün irəli gedərək yeni mövqelər tutaraq bir çox uğurlu əməliyyatlar həyata keçirdik. Bu müqəddəs müharibənin sonu Şuşanın azad edilməsi oldu.
Ali Baş Komandanımız: "Biz sübut etdik ki, münaqişənin hərbi həlli var, halbuki, vasitəçilər bunun mümkün olmadığını iddia edirdilər. Biz erməni işğalçıların belini qırdıq, başlarını əzdik, onların ordusunu darmadağın etdik. Əgər Ermənistan nə vaxtsa yenidən təcavüzə cəhd göstərsə, daha da güclü şəkildə məğlub olacaq", - deyib.
Bildiyimiz kimi, bütün müharibə dövründə bizdə heç bir fərari olmadı, halbuki, Ermənistan tərəfində 10 min fərari vardı. Bu da Azərbaycan xalqının misilsiz birliyini və ordu ruhunun gücünü göstərdi. Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandan!
Nəsimi rayon gənci İbadova Günay.



