Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündənsonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu.
Vətən müharibəsində Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir.Qələbəni hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat haqqında dünyanın bütün aparıcı mətbuat orqanları, politoloq və dövlət xadimləri geniş bəhs edərək açıqlamalar verirlər. Müzəffər sərkərdəmizin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq tarixi Qələbə qazanıldı. İndən belə çoxlu qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır. Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı
Azərbaycan əsgərlərinin qəhrəmanlığı təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur.
Dağlıq Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi olub. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngidib. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirib, hər birimiz qəlbimizdə Qarabağa bir heykəl ucaltmışıq. Əslində, bu milli özünüdərk, milli oyanış prosesində olduqca mühüm bir mərhələ idi. Biz tarixən itirdiklərimizə – həm ərazi baxımından, həm sərvətlər baxımından, həm maddi-mədəniyyət baxımından – bir daha, daha obyektiv şəkildə baxmağa başladıq. Torpağımızı, xalqımızı, çoxmillətli Azərbaycanı qoruduq, milli-mənəvi dəyərlərimizə sahib çıxdıq.
Üzləşdiyimiz torpaq itkisi, əhali itkisi bizi sərtləşdirdi, mətinləşdirdi. Dağlıq Qarabağ və ətraf rayonlar işğal altında olsa da, dövlətimiz bu ərazilərdən köçürülən əhaliyə sahib çıxmağı, onları düşdükləri çətin vəziyyətdə qorumağı, müdafiə etməyi bacardı. Onların məskunlaşmaları üçün qəsəbələr yaradıldı, onlar ayrı-ayrı sahələr üzrə iş yerləri ilə təmin olundular. Qarabağdan olan, ancaq Qarabağda doğulmayan uşaqlar Qarabağ sevgisi ilə böyüdüldü.
Biz Qarabağa bu gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq. Qarabağın işğal olunmuş ərazilərindən qundaqda olanda atasının qucağında çıxan körpələr bu gün Qarabağa tankın üstündə vətənpərvər və peşəkar zabitlər kimi qayıdırlar. Biz Qarabağa dünyanın müxtəlif ölkələrində çalışan, vətənin dar günündə köməyə gələn, ürəyində vətən sevgisi daşıyan gənclərlə qayıdırıq.Biz Qarabağa yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz Müzəffər Ali Baş Komandanımız, güclü Ordumuzla, siyasi, sosial-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə qayıdırıq. Nəhayət biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq.
Abdullayeva Jalə Rövşən- Nəsimi rayon gənci



