Nikol Paşinyanın Baş qərargah rəisi Onik Qasparyanın bu gün martın 10-dan etibarn vəzifəsindən azad edilmiş hesab olunduğu haqda yazılı bəyanatından sayılı dəqiqələr sonra prezident Armen Sərkisyan Konstitusiya Məhkəməsinə müraciət edib.
Bu barədə Sərkisyanın administrasiyası bildirir. Bəyanata əsasən prezident hərbi xidmət və hərbi qulluqçuların statusuna dair qanunun müvafiq bəndinə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət göndərib. Və məhkəmənin məsələ ilə bağlı hərtərəfli araşdırma aparıb hökm çıxarmasını gözləyir. Armen Sərkisyan çıxarılacaq hökmün indiki siyasi böhranın aradan qaldırılmasına kömək edəcəyinə ümid bəslədiyini bildirir.
***
Ermənistan baş naziri Nikol Paşinyan az əvvəl yazılı bəyanatla çıxış edərək onun istefasını tələb edən Baş qərargah rəisi Onik Qasparyanın bu gündən etibarən vəzifəsindən azad edilmiş hesab olunduğunu bildirib. Çünki prezident Armen Sərkisyan Qasparyanın vəzifədən azad edilməsi haqda baş nazirin təqdimatını imzalamayıb, eyni zamanda hərbi xidmət haqda qanunun Baş qərargah rəisinin təyinatı, vəzifədən azad edilməsi barədə bəndinə aydınlıq gətirilməsi üçün müəyyən edilmiş vaxt ərzində (indiki halda martın 9-na qədər) Konstitusiya Məhkəməsinə də müraciət etməyib. "Ona görə də 2021-ci il martın 10-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur”,-Paşinyanın bəyanatında bildirilir.
Lakin ötən gün axşam prezident administrasiyası bəyanatla çıxış edərək bildirmişdi ki, Armen Sərkisyanın məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün son müddət yoxdur. Bəyanatda deyilirdi ki, prezident yaxın zamanlarda Konstitusiya Məhkəməsinə müraciət edərək hərbi xidmət haqda qanunun müvafiq bəndinə aydınlıq gətirilməsini istəyəcək.
Beləliklə, Ermənistanda Paşinyanla Qasparyan arasında "İsgəndər” raketlərinə görə başlamış tragikomik qarşıdurma davam edir. Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur, amma o hələ də Baş qərargaha rəhbərlik etməkdədir.



