Bu gün Azərbaycan ordusunun 44 günlük müharibədən sonra ilk irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Xəbər verildiyi kimi, təlimlərdə 10 minə qədər hərbi qulluqçu, 100-ə yaxın tank və digər zirehli texnika, 200-ə yaxın raket və artilleriya sistemləri, qırıcılar və pilotsuz uçan aparatlar, xüsusi təyinatlılar iştirak edəcək. Təlimlərin ssenarisinə əsasən qoşun bölmələri arasında döyüş şəraitində qarşılıqlı koordinasiyanın təşkili, terrorçu birləşmələrə və qanunsuz silahlı dəstələrə qarşı əməliyyatların həyata keçirlməsi məşq ediləcək. Təlimlər zamanı ordunun müharibədə qazandığı döyüş təcrübəsi də istifadə olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün səhər saatlarında əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimlərdə geniş çeşiddə İsrail silahları da istifadə olunacaq. Bu haqda Azərbaycan Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadən "İsrael Hayom” qəzeti yazır.
Mənbə bildirib ki, təlimlərə Azərbaycan ordusunun arsenalında yer alan "Plasan Sand Cat” zirehli maşınları, "Spike Tamuz” tank əleyhinə raket kompleksləri, İsrael Aerospace Industries şirkətinin istehsalı olan yarımaktiv lazer başlıqlı, hədəfə avtomatik yönləndirilən "Lahat” tank əleyhinə idarəolunan raketləri, "Elbit Systems” şirkətinin istehsalı olan 120 millimetrlik "SPEAR” minaatan sistemləri və digər silahlar çıxarılacaq.
Yüksək vəzifəli Azərbaycan hərbi məmuru onu da deyib ki, hərbçilər təlimlərdə İsrail istehsalı olan pilotsuz təyyarələri, o cümlədən ən yeni "Heron” və "Harop” dronlarını, o cümlədən "Elbit Hermes” pilotsuz kəşfiyyat təyyarəsini istifadə edəcəklər.
"Azərbaycanlılar 2020-ci ildə Dağlıq Qarabağda gedən müharibədə qalib gəldikləri bir vaxtda öz imkanlarını daha yaxşılaşdırmağa can atırlar. Təlimlər dağlıq və meşəlik ərazilərdə keçiriləcək, müxtəlif qoşun hissələri arasında koordinasiya təşkil olunacaq”,-qəzet yazır.
İsrail-Azərbaycan əlaqələri üzrə ekspert Arye Qut qəzetə açıqlamasında deyib ki, ermənilər paxıllıq edə, müxtəlif təxribatlar həyata keçirə və əsassız informasiyalar yaya bilərlər. "Lakin artıq tarixi faktıdr ki, İsrailin hərbi sənaye şirkətləri Azərbaycanda hərb sisteminin quruculuğunda fəal əməkdaşlıq ediblər və etməkdə davam edirlər”,-o bildirib.
Virtualaz.org



