"Türkiyə-Rusiya münasibətləri inkişaf edir və bu bizi sevindirir. Bölgədə inkişaf və təhlükəsizlik əhəmiyyətli dərəcədə bu iki ölkənin münasibətlərinə bağlıdır”.
Veteninfo.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Akkuyu" AES-in üçüncü blokunun tikintisinə başlanması münasibətilə çıxışlarını yerli mətbuata şərh edərkən deyib.
Milli Məclisin deputatı vurğulayıb ki, Rusiya və Türkiyə bir-biri üçün əvəzolunmaz tərəfdaşa çevrilirlər.
"Belə bir vəziyyət həmin ölkələrlə strateji münasibətləri olan Azərbaycanın da mövqelərini gücləndirir, ölkəmizin nəqliyyat habına çevrilməsinə, iqtisadi inkişafına və ərazisi üzərində suveren hüquqlarını bərpa etməyə geniş imkanlar yaradır”, - deyə Q.Həsənquliyev bildirib.
Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə əlaqələrinin inkişafı Qərbə qarşı yönəlməsə də, bəzi dairələr bunu qıcıqla qarşılayır, Türkəyini sanksiyalarla hədələyirlər: "Türkiyə isə NATO üzrə öhdəliklərinə sadiq olduğunu və Qərbə inteqrasiya siyasətindən imtina etmədiyini bəyan etməklə öz dövlət maraqlarından çıxış edir, onunla hədə dili ilə danışmağın heç bir perspektivinin olmadığını bəyan edir. Qərb qapılarını Türkiyənin üzünə açmağa hazır olmadığından Türkiyə haqlı olaraq Rusiya daxil Şərq ölkələri ilə əməkdaşlığın daha perspektivli olduğu qənaətinə gəlib. Hazırda Türkiyə iqtidarı çox çevik siyasət yürüdə bilir və əminəm ki, yaxın gələcəkdə dünyanın siyasi xəritəsini cızan lider ölkələrdən birinə çevriləcəkdir”.



