Ötən 17 il sübut etdi ki, Yeni Azərbaycan Partiyası regionun ən qüdrətli siyasi partiyalarından biridir. Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənələr partiya tərəfindən layiqincə və sadaqətlə həyata keçirilir. Bu tarixi reallığı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev öz uğurlu siyasəti ilə gerçəkləşdirir.
Partiyanın əsası 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə qoyulmuşdur. Müxalifət partiyası kimi yaransa da, Ulu öndərin xalqın tələbiylə hakimiyyətə gətirilməsi ilə iqtidar partiyaya çevrildi. Yeni Azərbaycan Partiyasının namizədləri Heydər Əliyev 1993,1998-ci illərdə, İlham Əliyev 2003,2008, 2013,2018-ci illərdə baş tutan seçkilərdə xalq tərəfindən seçilmişdir. Partiyanın 756 min nəfərdən çox üzvü var.
"1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır" söyləyən Heydər Əliyevin banisi olduğu partiya zamanın tələbindən yarandı. Müstəqillik əldə olunsa da, səriştəsiz hakimlərin idarə etdiyi ölkəmiz girdaba sürüklənirdi. Məhz belə bir vaxtda partiya xalqın xilaskarı olan siyasi qüvvəyə çevrildi.
Cənab İlham Əliyev partiyanın keçdiyi kəşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcək.
Cari ilin 5 mart tarixində Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı təşkil olunmuşdur. 6 siyasi partiyanın- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası, Milli Qurtuluş Partiyası Yeni Azərbayan Partiyasının tərkibində birləşmək üçün göndərdiyi müraciət müzakirəyə çıxarıldı və qəbul edildi. Bununla da siyasi birlik mesajı verilmiş oldu. Qarabağ müharibəsi dövründə də bu partiyalar cənab İlham Əliyevin rəhbərliyi ətrafında birləşərək dəstək mesajı vermişdir. Yalnız AXCP öz məkrli siyasətindən əl çəkməmiş, xalqı parçalamağa yönəlik əməllərinə davam etmişdir.
Həmçinin qurultayda partiyanın strukturunda da dəyişikliklər edildi. Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Partiyanın yeni Nizamnaməsi qəbul edildi. Təftiş Komissiyası, Veteranlar Şurasının tərkibi müəyyənləşdirildi.
Bu qurultayın keçirilməsi yeni tarixi şəraitlə sıx bağlıdır. Qarabağın azad edilməsi ölkəmizin qarşısına yeni vəzifələr qoyur. Bu vəzifələrin icrasında YAP üzvləri,xüsusən gənclər daha fəal şəkildə xidmət göstərməlidir.
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Dünənin,bu günün və gələcəyin partiyasıdır. Bu səbəblə yarandığı ilk dövrdə "Heydər xalq üçün,xalq Heydər üçün" konsepsiyası bu günümüzdə "İlham xalq üçün,xalq İlham üçün" şəklini almışdır. Bu ağır və məsuliyyətli işdə birinci xanım Mehriban Əliyeva da həm möhtərəm Prezidentimiz,həm də xalqımızın ən böyük dəstəkçisidir.
Şəmilova Dünya Mərdan
Nəsimi rayon gənci



