"Ölkə Prezidenti cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında II Qarabağ müharibəsinin başlanmasını qaçılmaz edən səbəblər, hərbi əməliyyatların gedişi, müharibənin nəticələri və bu nəticələr əsasında yaranmış yeni reallıqlar ətraflı şəkildə təhlil olunmuşdur. Eyni zamanda da dövlətimizin başçısı öz çıxışında regionun gələcək inkişaf perspektivləri və bu perspektivlərin reallaşdırılması baxımından qlobal əhəmiyyət kəsb edən layihələrdən bəhs etmişdir.” Bu sözləri öz müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
İlk növbədə Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu dövrdə bütün
Cənubi Qafqazın inkişafında böyük ləngimənin olduğunu vurğulayan millət vəkili
bildirib ki, məhz rəsmi İrəvanın işğalçı siyasəti regionda daimi gərginliyin
mövcudluğuna və bu əsasda yaşanan qanlı faciələrə səbəb olub: "30 ilə yaxın
müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən
20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı
öz dədə-baba yurdlarından didərgin salındılar, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində
qoyuldular. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldı, qətliamlar törədildi.
1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc
insan vəhşicəsinə öldürülüb. Ocümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə
yetirilib. Və bütün bunlara görə 30 il ərzində heç kim cəzalandırılmayıb. Bir tərəfdən
beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq möhtərəm
Prezidentimizin də qeyd etdiyi kimi, bu dəstəyin praktiki həyatda o qədər də
böyük əhəmiyyəti olmayıb. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik
Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə
erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz
çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və
icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu
yaradıldı. Bu qurum 28 il ərzində fəaliyyət göstərsə də, heç bir nəticə hasil
olmadı. Əlbəttə ki, işğal faktorundan ən böyük zərər çəkən tərəf məhz Azərbaycan
olmuşdur. Lakin Ermənistanın bu təcavüzkar siyasəti bütün Cənubi Qafqaz
regionunun inkişafını da əngəlləyirdi. Çünki Azərbaycam Prezidenti hər zaman
deyirdi ki, biz öz torpaqlarımızı geri alacağıq. Əgər məsələnin həlli sülh yoli
ilə mümkün olmasa, biz bunu hərbi yolla edəcəyik. Hərbi münaqişə riski olan
bölgəyə isə əlbəttə ki, xarici investorlar tərəfindən yatırım qoyulması demək
olar ki, mümkün deyil. Əlbəttə ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri
olan ölkələr tərəfindən Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi
və müvafiq sanksiyalar tətbiq edilsəydi, məsələ sülh yolu ilə öz həllini tapa
bilərdi. Lakin bu baş vermədi. Bu səbəbdən də Azərbaycan hərbi yolla öz
torpaqlarını qaytarmağa məcbur oldu.”
Daha sonra Səttar Möhbalıyev Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin
başçılarına bir daha erməni vandalizmi barədə konkret faktların təqdim
olunmasının əhəmiyyətini qeyd edərək bunları deyib: "İşğaldan azad olunmuş ərazilər
erməni vandalizminin birbaşa canlı şahididir. Azərbaycanın işğal altında olan
torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul
olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Həmin torpaqlarda Azərbaycanın
bütöv şəhərləri və kəndləri dağıdılıb, evlər viran qyulub, tarixi abidələrimiz
dağıdılıb və talan edilib. Prezident İlham Əliyev bütün bunlar barədə Türk
Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha ətraflı
məlumat verərək qeyd etmişdir ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın
Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə
bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı
qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar,
60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz
saxlayıblar. Bütün bunlar azmış kimi, Ermənistan rəhbərliyi bu gün də özünün
qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir. Hələ də minaların yerləşmə xəritəsi
Azərbaycana təqdim olunmayıb. Bu, əlbəttə ki, növbəti hərbi cinayətdir. Çünki
müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak
olub və yaralanıb. Həmin xəritələrin bizdə olmamasına görə minalardan təmizləmə
işləri daha çox vaxt aparır və əlbəttə ki, bu səbəbdən də köçkün, qaçqın
soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması hələlik həyata keçirilə
bilməz.”
Millət vəkili bu məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın zəfərlə
başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət
kəsb edir: "Birmənalı olaraq deyə bilərik ki, məhz Azərbaycanın Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə bu təşkilatın nüfuzu məlum hadisələr
səbəbilə daha da artıb. Türk Şurasının Zirvə görüşündə də xüsusi olaraq qeyd
edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər
ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin
işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa
edilməsinə görə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev də öz çıxışında bu məqamı vurğulayaraq bildirib ki, vaxtilə Zəngəzuru
Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi
parçalanması idi: "Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə
xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan
Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Beləliklə də Zəngəzurdan
keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını
birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq.
Yaranmaqda olan yeni nəqliyyat dəhlisi ilə Azərbaycan Naxçıvan Muxtar
Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşəcək. Heç şübhəsiz
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə bütün Türk dünyası
üçün tarixi əhəmiyyət kəsb edən bir Zəfərdir.”



