YAP GƏNCLƏR BİRLİYİNİN YENİ SƏDRİ VƏ MÜAVİNLƏRİ SEÇİLİB
Vətəninfo.az xəbər verir ki, martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib.
Əvvəlcə iclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Tahir Budaqov qeyd edib ki, qurultayda partiyamızın sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.
Tahir Budaqov YAP Gənclər Birliyinin yeni rəhbərliyini və üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bu il Azərbaycanın dövlət müstəqiliyinin bərpa olunmasının, gələn il isə YAP-ın yaranmasının 30 illiyinin tamam olacağını deyən YAP sədrinin müavini bu əlamətdar hadisələr ərəfəsində gənclərin yeni təşəbbüslərlə çıxış etmələrinin vacibliyini vurğulayıb. Bütövlükdə, YAP gəncləri ölkəmizn inkişafı prosesinə öz töhfələrini fəal şəkildə verməlidir.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını vurğulayıb.
İclasda, həmçinin Milli Məclisin deputatları Aydın Hüseynov, Ramin Məmmədov və Cəbi Quliyev çxış ediblər.
Qeyd edək ki,bu seçkiyə kimi YAP GB-nin sədri vəzifəsin Seymur Orucov tuturdu.
Ölkə prezidentinin sərəncamı ilə Seymur Orucov Ağıstafa rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra,o GB-nin sədri vəzifəsindən getmişdi.



