Şuşa Azərbaycanın qədim və ən dəyərli incisi, mədəniyyət ocağı, muğam beşiyi, milli musiqi və poeziya sənətinin ünvanı, Qarabağın döyünən ürəyidir. 1747-ci ildə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Qarabağın xarici hücumlardan müdafiəsinin gücləndirilməsi məqsədilə 1752-ci ildə Şuşa Qalasının inşa edilməsi barədə göstəriş verir. XVIII əsrin əvvəllərindən başlayaraq Şuşa şəhəri Qarabağın, eləcə də Azərbaycanın mərkəzinə çevrilir, qonşu ölkələrdə isə "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Zaqafqasiya konservatoriyası" kimi adlarla tanınır.
Bu dövrlərin tarixi sənətlərinə nəzər salarkən "erməni” adına rast gəlmirik. 1828-ci ilin 10 fevral tarixində Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən, Qarabağa köçürülən erməni tayfaları Rusiya imperiyasının regionda apardığı xristianlaşdırma siyasətinə uyğun şəkildə Şuşanı, eləcə də digər qədim Azərbaycan torpaqlarını özününküləşdirmək iddiasıyla fəaliyyətə başlayırlar. Həmin dövrlər erməni əsilli rus generalı Valerian Qriqoryeviç Madatovun Şuşaya komendant təyin olunmasıyla ermənilərin bu ərazilərə yerləşdirilməsi daha intensiv xarakter alır.
Ta qədimdən azərbaycanlıların məskəni olan Şuşa sonradan gələn ermənilərin işğalçılıq siyasətində xüsusi yer tuturdu. Tarixə nəzər salarkən də görürük ki, Şuşanı alan Qarabağı almış hesab olunurdu. Bu səbəblə də 1992-ci ildə xalqımıza qarşı uzun zamandır hazırlanmış məkrli siyasətini həyata keçirən erməni teroristləri şəhərin əhalisinə divan tutmuş, şəhərin özünü isə işğal etmişdir. Qarabağlıların qucaq açdığı, süfrəsini, çörəyini, suyunu bölüşdüyü mənfur ermənilər bu qonaqpərvərlikdən, xalqımızın saflığından istifadə edərək onu arxadan xəbiscəsinə yaralamışdır.
30 il Şuşanı və digər dilbər guşələrimizi əsarət altında saxlayan erməni daşnakları şəhərin əvvəlki əzəmətli görünüşünü xarabalığa çevirmişdir. Muzeylər dağıdılmış, eksponantlar ya məhv edilmiş, ya da daşınaraq aparılmışdır. Kitabxanalar yandırılmış, kitablar yoxa çıxmış və ya yandırılmışdır. Dahi şəxsiyyətlərimizin ev muzeyləri, büstləri tanınmaz hala salınmış, təhqir edilmişdir. Xüsusən qədim məzarların yerləşdiyi qəbiristanlıqlar yerlə yeksam edilmiş, baş daşları qırılmış, xalqımıza aid bütün tarixi izləri silməyə çalışmışdırlar. Qarabağ xanlığı yarandığı gündən Novruz bayramı və at yarışları keçirilən, Şuşanın simvolu olan Cıdır düzü düşmənin tapdağı altında qalmış, Pənahəli xanın sarayı, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, xan qızı Xurşidbanu Natəvanın evi, görkəmli mütəfəkkir Molla Pənah Vaqifin məqbərəsi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun, dünya şöhrətli şəxsiyyət Bülbülün, məşhur rəssam, tarixçi, musiqişünas Mir Möhsün Nəvvabın ev muzeyləri vəhşicəsinə dağıdılmışdır. Mədəniyyətin düşməni, qənimi, dağıdan cani barbar, terorist deyildirmi? Bu terorizmin qurbanı olan Şuşanın əvvəlki əzəməti qalmamışdır. Şəhər düşmən əsirliyində qalmış insanı xatırladır- solğun, yarım, niskil içində. Lakin bu gün tarixin yeni səhifələri yazılmaqdadır. 8 Noyabr 2020-ci il uzun müddətdir Azərbaycan xalqının həsrətini çəkdiyi o müjdəli xəbəri gətirdi-"Şuşa artıq azaddır! Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Qarabağ fatehi, möhtərəm liderimiz, cənab İlham Əliyevin bu cümlələri 10 milyon qəlbi bir anda qürur və vüsal sevinci ilə bürüdü. Xalqımız illərin həsrətini bir anda qələbə və sevinclə dəyişdi. Şuşa öz xalqına, xalqı öz Şuşasına qovuşduran ordumuz bayrama bayram qatdı. Şuşanın azad edilməsi ilə düşmən geri çəkilərək məğlubiyyətini qəbullandı. Zəfər Azərbaycan xalqınındır!
Əsas missiya Zəfər günündən sonra başlandı. Çünki biz dəmir yumruq ətrafında birləşərək Şuşanı azad etdiyimiz kimi, Şuşanı yenidən bərpa etməliyik. Mədəniyyət beşiyi olan Şuşa yenidən daha möhtəşəm görüntüyə sahib olmalıdır. Muzeylər, kitabxanalar, məktəblər yenidən bərpa edilməli, yeni layihələr icra edilməlidir. Turizmin inkişafında Şuşa şəhərinin rolu daha böyük, potensialı daha yüksəkdir. Bu səbəblə də kurortların tikilməsinə, abadlaşdırma işlərinə xüsusi diqqət ayrılacaqdır. Bu layihələrin böyük bir hissəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcəkdir. Həmçinin qardaş ölkə Türkiyədən olan qardaşlarımız da bərpa işlərində xüsusi aktivlik sərgiləyir.
Torpağı Vətən edən üzərində yaşayandır. Cənnət Qarabağı cənnət edən Azərbaycan xalqıdır. Bu səbəblə də qayıdışımız möhtəşəm olacaqdır. Biz yenidən Qarabağı dirildəcək, Vətən edəcəyik! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!
Nəsimi rayon gənci
Şəmilova Dünya Mərdan



