Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür.
Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır.
Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən milli lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
"Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” – söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır.
Prezident İlham Əliyev böyük əzmlə həyata keçirdiyi quruculuq proqramının gerçəkləşməsi yolunda ciddi tədbirlərin görüldüyü vaxtda xalqımızın 2003-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevi itirməsi bütün cəmiyyətimizi sarsıtdı.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.
Heç kəs unutmamalıdır ki, xalqımızı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir. O, Azərbaycan xalqının dahilik rəmzidir.
Aytəkin Kərimova (Azərbaycan Universiteti)



