2020-ci ilin payızında faşist Ermənistanı üzərində qazandığımız şanlı Qələbə müstəqillik tariximizdəki qara günlərin – şəhər və rayonlarımızın düşmən əsarətinə keçməsinin ildönümlərinin qeyd olunmasının üstündən xətt çəkdi. Yəni artıq Şuşanın, Ağdamın, Kəlbəcərin işğalının deyil, işğaldan azad edilməsinin ildönümlərini qeyd edəcəyik. Ancaq elə tarixi faktlar var ki, nəinki onların ildönümünü daim qeyd edəcəyik, hətta unudulmaması üçün onların haqqında təkcə ildönümlərində deyil, ilboyu danışmalı olacağıq.
20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qətliamı, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri də həmin unuda bilməyəcəyimiz faktlardandır. Hətta 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri də bizim üçün çox ağrılıdır. Çünki 20 Yanvarı, Mart və Xocalı soyqırımlarını bilavasitə düşmənlərimiz törətmişdisə, dövlət çevrilişi cəhdlərini məhz həmin düşmənin əlində alətə çevrilmiş öz soydaşlarımız törətmiş, necə deyərlər, öz qılıncımız özümüzü kəsmişdi. Ancaq 20 Yanvar, Mart və Xocalı soyqırımlarının törədildiyi dövrlərdən fərqli olaraq, 1994-95-ci illərdə Azərbaycan xalqının lideri, dövlətimizin rəhbəri var idi. Elə ona görə də düşmənlərimiz daha çox qan tökməyə çalışsalar da, Heydər Əliyev müdrikliyi onların əl-qolunu bağladı.
Beləliklə, öz gücünü yazın ilk ayında göstərən şaxtalı, çovğunlu havaya baxmayaraq, xalqımız Novruz çərşənbələrini qeyd edir. Bu çərşənbələri ötən payız Vətən uğrunda şəhid olmuş ərənlərimizin itkisinə görə o qədər də təm-təraqla qeyd etmirik. Amma builki çərşənbələr milli tariximizin son iki yüz ildəki ən sevincli çərşənbələri kimi tarixə düşmək şansı qazanıb. Bəli, biz möhtəşəm Qələbəmizin ab-havasını nəinki ictimaiyyət olaraq, hətta ailə səviyyəsində, fərd olaraq da yaşayır və yaşadırıq. Ancaq bugünkü qüdrətli dövlətimizin təməl daşlarını sındırmaq, dövlətimizi çökdürmək, xalqımızı yenə də kimdənsə asılı vəziyyətə salmaq istəyən qüvvələrin bəd niyyətlərini də heç zaman, bayram günlərində də unutmamalıyıq və unutmuruq. Əks-təqdirdə, bədxahlarımız öz əməllərini təkrarlamağa çalışarlar.
Söhbət ondan gedir ki, 1995-ci ilin mart hadisələrinin xalqımıza və dövlətimizə vurduğu yaraların ağrısı azalmır. Həmin hadisələri törədənlərin cinayətkar əməlləri heç zaman unudulmur. Çünki hakimiyyət hərisi olan bir qrup xəyanətkar insan öz ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə dövlət çevrilişi etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunu gözü götürməyən xarici himayədarlarının təhriki ilə bu işə girişmişdilər.
Bildirilir ki, həmin il martın 14-də daxili işlər naziri XTPD-nin buraxılması və 3 gün ərzində silahların təhvil verilməsi barədə əmr imzalamışdı. Həmin əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Prezident Heydər Əliyev XTPD-çilərə bağışlanmaq imkanı yaradan xüsusi fərman da imzalamışdı.
Ancaq çox təəssüf ki, qarşı tərəf həmin sivil addımları lazımınca qiymətləndirə bilməmişdi. Sonradan bəzi ekspertlər yazırdılar ki, Rövşən Cavadov dövlətin çağırışlarına müsbət cavab vermək istəsə belə, gözə görünməyən qüvvələr onun geri çəkilməsinə imkan verməzdilər.
Ulu öndər Heydər Əliyev həmin günlərdə -- martın 15-də XTPD - nin üzvlərinə televiziya ilə müraciət edərkən də onların torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaəti xüsusilə qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadov bundan nəticə çıxarmamış, əksinə, hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək üçün zorakılığa əl atmışdı.
"Heydər -- xalq” birliyi bu çirkin niyyətin qarşısını qətiyyətlə aldı və Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələrin arzularını ürəklərində qoydu. Dövlət başçımızın xalqa müraciətində deyilirdi: "İnanıram ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı bu gün də bizi bu vəziyyətdən çıxaracaqdır. Gəlin hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəli gedək.”
Hüseynova İradə
Nəsimi rayon sakini



