1992-ci il 21 noyabr. Bu tarix Ulu Öndər Heydər Əliyevin təkcə Yeni Azərbaycan Partiyasının deyil, güclü Azərbaycanın təməlini qoyduğu gün idi. 1991-ci ildən müstəqillik qazanan Azərbaycan Ulu Öndərin hakimiyyətə gəldiyi dövrə qədər hələ də savaş meydanı, xəyanət qurbanı idi. Mərhum şair Məmməd Arazın təbirincə desək, "Məndən ötdü, qardaşıma dəydi” psixologiyası ilə yaşayan vətən xainlərinin başçılıq etdiyi AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə isə 1918-ci ildə əsası qoyulmuş Azərbaycan dövlətçiliyi və xalqımız tarixin qaranlıq zindanına atılma təhlükəsi ilə üz-üzə dayanmışdı. Qaranlıqları Günəş kimi aydınladan Ulu Öndərin gəlişi isə vətənimizi nəinki tarixin zindanından qurtardı, hətta tarix yazan ölkələr sırasına saldı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli lider əsrə bərabər "Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla güclü iqtisadiyyatın əsasını qoydu. Azərbaycanın hər şeyə qadir olması üçün gecəsini gündüzə qataraq, xalqının, vətəninin gələcəyini düşünərək çalışan Heydər Əliyev zamanın qanlı caynaqlarından xilas etdiyi Azərbaycanı Prezident İlham Əliyevə əmanət etdi. Ulu Öndərin layiqli davamçısı olduğunu hər zaman sübut edən Cənab Prezident 2020-ci ildə Böyük Qələbəni xalqımıza bəxş etməklə həm atasının vəsiyyətinə əməl etdi, həm də bu millətin atası oldu.
90-cı illərdə yalnız öz mənfəətlərini güdən, pafoslu çıxışları ilə səs-küyə səbəb olan "vətənpərvərlərin” hakimiyyət uğrunda davalarına şahid olan Azərbaycan, bu gün XXI əsrin müharibəsini apararaq qalib gələn və yalnız "qələbə” sədaları ilə pozulan səssizliyin fonunda əmin-amanlıq şəraitində, etibarlı əllərdədir. Geridə qoyduğumuz illər ərzində təkcə xalqın deyil, ölkədə mövcud olan digər siyasi partiyaların da etimadını qazanan Yeni Azərbaycan Partiyası bu gün keçirilən XII qurultayda bir daha həmrəylik, birlik partiyası olduğunu təsdiqlədi. Vətən müharibəsi dövründə 52 siyasi partiyadan 50-nin həmrəylik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin ölkəmizə qarşı baş vermiş və verəcək hər bir hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən bütün siyasi və hərbi cavab tədbirlərini yekdilliklə dəstəklədikləri və onun yanında olduğunu bəyan etmələri həm tarixi əhəmiyyət kəsb edən bir hadisə, həm də Ali Baş Komandan və onun sədrlik etdiyi partiyaya böyük etibarın, güvənin sübutu idi. Eyni zamanda Azərbaycanda artıq 30 il öncəkindən fərqli olaraq hakimiyyət hərisliyi düşüncəsinin yox olub, vətən düşüncəsinin formalaşması, bir sözlə, İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə siyasi mədəniyyətin inkişaf etdiyini göstərdi. Bütün bu gözəl hadisələr fonunda Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının 30 il əvvəl olduğu kimi hələ də qara düşüncələrindən əl çəkə bilməyib, həmrəylik nümayiş etdirməməsi təəssüflük doğuran məqamdır.
Sevindirici haldır ki, mövcud olan 6 siyasi partiyanın- Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası-nın YAP-a qoşulmaq istəyi ölkəmizdə demokratik ənənələrin inkişafının nəticəsidir. Belə ki, Cənab Prezidentin "Biz birlikdə güclüyük!” fikri xalq-iqtidar birliyi çərçivəsindən çıxaraq müxalifət-iqtidar sərhədlərinə qədər gəlib çatdı. Pandemiya ilə əlaqədar dünyada yaşanılan çətin günlər bir çox "nümunəvi” ölkələrdə iqtidara qarşı aksiyalar və itaətsizliklə nəticələndiyi halda Azərbaycanda Prezidentə və sədrlik etdiyi partiyaya etimadın daha da artması İlham Əliyevin xalqın bütün ümid və gözləntilərini doğrultmasının nəticəsidir. Ali Baş Komandan İlham Əliyev xalqının Qarabağ yarasını sağaltmaq naminə məğlub ordunu Müzəffər Orduya çevirərək YAP-ın dünənin, bu günün, sabahın partiyası olduğunu, xalqın seçimində yanılmadığını və Vətən naminə çalışıb Ulu öndərin əmanətinə sadiqliyini sübut etdi. Bir zaman analarının qucağında öz doğma torpaqlarından qovulan körpələr, tank belində qalib ordunun əsgəri kimi yenidən yurduna qayıdaraq Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsi olduğunu göstərdi. Düşməndən intiqamını döyüş meydanında alan igid oğullarımız, Prezidentin gənclərə vətənpərvərlik hislərini aşılamaq siyasətini doğrultdu. "Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır”.
Peşəkar komandanlıq nümunəsi olan qələbəmiz Azərbaycan tarixində dönüş nöqtəsi oldu. "Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq” . Bəli, bundan sonra bizi mavi səma altında ərazisi bütöv, xalqı xoşbəxt, ordusu güclü Azərbaycanda yaşamaq gözləyir Cənab Prezident və sədrlik etdiyi YAP-ın gündən-gündən yaşıllaşıb çiçək açan budaqlarının kölgəsində .
Əliyeva Günəş



