Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilmiş VII qurultayı təbii olaraq mətbuat və ictimaiyyətin diqqət mərkəzindədir.Vətən savaşındakı qələbədən və ölkədə aparılan islahatlar fonunda YAP-ın ali forumunun keçirilməsi islahatlar, ölkənin gələcək inkişafı baxımından da önəmli hadisədir.urğulayaq ki, 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modeli uğurla həyata keçirildi. Bu baxımdan, YAP qurultayı da cəmiyyətdə milli həmrəylik baxımından öz töhfəsini verə bilər. Belə gözləntilər var idi və bu gözləntilər özünü doğrultdu. Hakim partiyanın əsas toplantısı demokratik ənənələrin inkişafına ciddi töhfə verə bilər. Belə ki, YAP qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsası qoyulmuş oldu. YAP və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsinin xəbərçisi sayıla bilər. Əslində, siyasi partiyaların birləşmək istiqamətindəki addımları ölkədəki dialoq mühitinin formalaşmasına da yardımçı olacaq. Nəzərə alaq ki, 44 günlük Vətən müharibəsi zamanında da ölkənin əksər siyasi təşkilatları vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.
YAP bu birləşmə nəticəsində daha da güclənəcək, 6 siyasi partiya isə real siyasi müstəviyə transfer edə biləcək. Bu partiyaların YAP-la birləşməsi hakim partiyada siyasi rəqabətin, partiyadaxili demokratiyanın güclənməsi ilə yanaşı, bütün ölkədə yeni siyasi mühit, sivil rəqabətə səbəb olacaq. Partiyaların YAP-a qoşulması cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər. Onu da qeyd etmək lazımdır ki, YAP bu qurultaydan fövqəlgücə malik bir təşkilat kimi çıxır. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın "iqtidar-xalq” modelinin real işə düşməsinin göstəricisidir. YAP ölkədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir. Nəzərə alsaq ki, YAP iqtidarda olan siyasi təşkilatdır, onun sözügedən addımı hakimiyyətin milli həmrəylik siyasətini prioritet saydığını deməyə əsas verir. Deməli, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar davam edəcək. Bununla da, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır.
Söhbət heç də eyni təşkilatda birləşməkdən də getmir. Hakim partiya müxalifətlə də dialoqa tərəfdar olduğunu nümayiş etdirir. Əslində, YAP-ın bu addımı təşkilatın lideri, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbənin nəticəsində əldə edilmiş milli birlik formuluna real işə düşməsidir.
Azərbaycan Prezidentinin "Biz birlikdə güclüyük” şüarı ilə 6 siyasi partiyanın YAP-a qoşulması arasında bağlılıq mövcuddur. Siyasi partiyalar ölkə liderinin birlik çağırışına səs verirlər.
Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını, milli həmrəylik xəttini əsas tutur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, iqtidarın xarici siyasətdəki addımları bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatdıqlarının göstəricisidir. Eyni hədəflər, eyni məqsəd uğrunda mübarizə aparan təşkilatların vahid partiyada fəaliyyət göstərməsi normal prosesdir və gələcəkdə bu kimi inteqrasiya prosesi daha da inkişaf edəcək.
Nəsimi rayon gənci- İbadova Günay.



