"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Tədbirlər Planının 7.4.1.-ci yarımbəndinin icrasından irəli gələn "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı respublikamızın orta ümumtəhsil məktəblərinin birinci sinfindən dördüncü sinfinə qədər şagirdlər arasında "Yol hərəkəti qaydaları və onlara necə əməl edirik” mövzusu üzrə dərslər təşkil edilir.
Bu dərslərin təşkilində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydalarını mənimsətmək, bu qaydalara əməl olunmasının vacibliyini aşılamaq, yol hərəkəti qaydalarının pozulmasının hansı dəhşətli fəlakətlərə səbəb olmasını, yol qəzaları nəticəsində insanların ağır xəsarətlər alması, qismən və ya ömürlük şikəst olması, həyatlarını itirməsi kimi faciələrin baş verməsini anlatmaqdır.
Bizim gələcəyimiz olan uşaqların həyatını baş verə biləcək yol qəzalarından qorumaq ücün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 189-190 saylı tam orta ümumtəhsil məktəbində də hər il şagirdlər arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər təşkil edilir.
Respublikamızın tanınmış təhsil mütəxəssislərindən biri olan Ceyran xanım Kuliyevanın rəhbərlik etdiyi bu qabaqcıl təhsil müəssisəsində elə bu günlərdə yol hərəkətinin təhlükəsizliyi aylığı çərçivəsində şagirdlər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, bu qaydaları onlara öyrətmək, piyadaların yol qəzalarından qorunmasının vacibliyini anlatmaq, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə "Yol hərəkəti qaydalarını öyrənirik"mövzusunda xüsusi dərslər keçirilmiş, maarifləndirici tədbirlər təşkil edilmişdir.
Yol hərəkəti qaydalrına həsr olunmuş tədbirlər çərçivəsində məktəbin foyesində ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə bu mövzunu özündə əks etdirən olduqca maraqlı guşə yaradılmışdır. "Yol hərəkətinin təhlükəsizliyi şagirdlərin gözü ilə" mövzusunda təşkil olunmuş guşə ilə tanışlıq zamanı məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Nigar Babayeva çıxış edərək yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bu cür tədbirlərin yol qəzalarında uşaqların xəsarət almasının qarşısını alacağına əminliyini bildirib.
Məktəbdə yol hərəkəti qaydalrı ilə bağlı keçirilən dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilmiş və yollarda hər kəsin daha diqqətli və məsuliyyətli olması tövsiyə edilmişdir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün onun yol təhlükəsizliyi qaydalarına riayət etməsinin vacibliyi bir daha şagirdlərin diqqətinə çatdırılmışdır.
"Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda məktəbin bütün ibtidai siniflərində, o cümlədən də I a sinfində də olduqca maraqlı dərs keçirilmişdir. Dərsin gedişində sinif müəllimi Nəzakət Novruzova yol hərəkəti qaydaları və bu qaydalara əməl olunmasının zəruriliyindən söhbət açmış, maarifləndirmə çərçivəsində şagirdlərə yol hərəkəti nişanları, nəqliyyat növləri və mövzu ilə bağlı digər müxtəlif məlumatlar vermişdir. Şagirdlər mövzuya həsr olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmiş, rəsmlər çəkmiş və səhnəciklərlə çıxış etmişlər.
Şagirdlərə yol hərəkəti qaydalarından bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə dərs yekunlaşmışdır.
Vətəninfo.az



