Müstəqillik ideyası xalqın, millətin sabahlarını müəyyənləşdirən, sabahlar üçün ideoloji zəmanət olan məfkurədir. Xalqı xalq kimi bu məfkurə formalaşdırır. Tarixin müxtəlif dövrlərində mükəmməl dövlətçilik təcrübəsi olan, son 70 ili başqa bir dövlətin tərkibində yaşamaq məcburiyyətində qalan, SSRİ-nin çökməsindən sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqına, şübhəsiz, bu azadlıq sevincini çox görən qüvvələr də var idi. Ona görə də bəzi dairələr gah ərazilərimizin işğalına, gah müstəqilliyimizin qarantı olan ulu öndər Heydər Əliyevin fiziki cəhətdən yox edilməsinə, gah da dövlət çevrilişinə cəhd edərək, müstəqilliyimizin əldən getməsinə çalışırdılar. Ancaq biz Heydər Əliyevin siyasi müdrikliyi, sarsılmaz iradəsi və xalqımızın qətiyyəti ilə həmin planların hamısının iflasa uğramasına nail olduq.
Milli dövlətçiliyimizin növbəti dəfə əldən getməsinə çalışanlar öz mənfur planlarından birini də 1995-ci il martın 13-dən etibarən həyata keçirməyə başlamışdılar. Belə ki, Rövşən Cavadov qardaşı, Bakı şəhəri Xətai rayonunun sabiq prokuroru Mahir Cavadovla birlikdə tabeliyində olan xüsusi təyinatlı polis dəstəsinin (XTPD) şəxsi heyətini, döyüş texnikasını və bazasını nəzarətində saxlayaraq onlardan qeyri-qanuni surətdə istifadə edib, tamahkar niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirdilər. Bütün bunlar dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl gətirir, əhalini qorxuya salırdı. Həmin qüvvələr birləşərək hakimiyyətə qarşı sui-qəsd törətməyə, qanuni hakimiyyəti sarsıtmağa və devirməyə çalışırdılar. Lakin bu cəhdlər Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində uğursuz oldu. H.Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Bəli, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi ilə çevrilişin qarşısı alındı. Ümummilli lider H.Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı. Bununla da ölkədə davam edən hakimiyyət böhranına son qoyuldu. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı və onum ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri müdafiə etmir.
Dövlət rəhbərliyinin milli birlik, vəziyyətin nizamlanması üçün atdığı addımlar, gördüyü tədbirlər, həmin qüvvələri müəyyən qədər cilovlasa da, onlar əvvəlcədən düşünülmüş məkrli planlarından əl çəkə bilmədilər. Ümummilli lider Heydər Əliyev yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciət etdi: "Mən bütün Azərbaycan xalqını milli birliyə, milli həmrəyliyə dəvət edirəm. Əminəm ki, mənim səsimə milyonlarla adam səs verəcəkdir. Mən əminəm ki, xalq Azərbaycan dövlətçiliyini, Azərbaycan Prezidentini müdafiə edəcəkdir”. Bu, doğrudan da belə oldu. Böyük rəhbərin çağırışı milyonlarla azərbaycanlının ayağa qalxmasına səbəb oldu və xalqın möhtəşəm dəstəyi ilə milli dövlətçiliyimiz xilas edildi. Bu, tarixi faktdır ki, 1995-ci ilin mart hadisələri milli dövlətçiliyimiz üçün ciddi təhlükə idi. Ona görə də həmin günlərdə dünyanın aparıcı ölkələri çox ciddi narahatlıq ifadə olunan bəyanatlarla çıxış edirdilər.
Dövlət başçımızın qətiyyətli addımları və xalqın onu elliklə dəstəkləməsi nəticəsində həmin çirkin oyun martın 17-də iflasa uğradı. İflasdan cəmi 5 gün sonra – martın 22-də toplaşan Azərbaycan Respublikası Milli Məclisi xaricdə hazırlanan və icrasına nəzarət edilən həmin hadisələrin ən incə məqamlarına qədər müzakirəsindən sonra müvafiq qərar qəbul etdi. Orada qeyd edilirdi ki, müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı çox əzab-əziyyətlə qarşılaşmış, torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə çoxlu qurbanlar vermiş, məhrumiyyətlərə düçar olmuş, çətinliklə qazandığı müstəqilliyin müdafiəsində mətanətlə dayanmışdır.
XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Nəsimi rayon gənci
Abasov Orxan



