Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz qüdrətli ordusu ilə 21-ci əsrin zəfərini xalqımıza qazandıraraq,müstəqil Azərbaycanın itirilmiş ərazilərinin yenidən birləşdirilməsinə nail olaraq ata vəziyyətini layiqincə yerinə yetirmişdir. Güclü lider, dahi şəxsiyyət, təcrübəli siyasətçi olan Prezidentimiz düşmənə bütün arenalarda unudulmaz dərs verərək dünyaya özündən söz etdirmişdir. Bu möhtəşəm qələbədir,unikaldır,misli bərabəri görülməyən zəfərdir.
Azərbaycan xalqı yalnız itirilmiş ərazilərini deyil, qırılan qürurunu, sarsılan mənəviyyatını da bərpa etdi. Bütün bu uğurları İlham Əliyevin uğurlu siyasətinə və onun dəmir yumruğu ətrafında birləşən Silahlı Qüvvələrimizə borcluyuq. Bütün dünya xalqları Qarabağ zəfərini dillərə dastan edən ölkənin insanlarından bəhs edir, yəni bizdən. Ermənistan isə kapitulyasiya yaşayır. Etiraz aksiyaları, siyasi və iqtisadi böhran girdabına düşən erməni xalqı təşviş içərisindədir.
Ermənistan Baş Naziri Nikol Paşinyanın məğlubiyyətə imza atması Azərbaycan tarixinin ən şanlı səhifələrində qızıl hərflərlə yazılmışdır. Çünki bir zamanlar Qarabağı geri qaytarmaqdan tamamilə imtina edən Paşinyan İlham Əliyevin qarşısında hər tərəfli acizliyini də qəbul etmiş oldu. Bu imza Prezidentimizin dəmir iradəsinin, qətiyyətli addımlarının, sərt və dəyişməz mövqeyinin mükəmməl nəticəsidir. Möhtərəm liderimiz faşizmi, işğalçıları, terroru ölkəmizdən silib ataraq Azərbyacanın tam təhlükəsizliyini qarantiləmişdir. Gələcək nəsillər bu böyük fatehin ömür yoluna işıq salarkən, tarix kitablarını vərəqləyərkən böyük qürur və rəğbət hissləri ilə 2020-ci ili və Prezidentimizi yad edəcəklər. Yalnız bu dövrün insanı olaraq qalmayan liderimiz bu zəfəri ilə gələcək nəsillərin də qəlbini fəth etmişdir. Tarix bu böyük fatehi və onun qələbəsini əsla unutmayacaq.
İşğaldan azad edilmiş rayonlara səfər edən cənab İlham Əliyev, I Vitse-prezident Mehriban xanım Əliyeva qızları Leyla Əliyeva ilə birlikdə martın 15-i Xocavənd və Füzuli rayonlarına səfər etmişdir. Füzuli-Hadrut avtomobil yolunun təməl qoyma mərasimində iştirak etdi. Yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Rəhbər öz fikirlərini bölüşərkən qeyd edib ki, ermənilərin vəhşicəsinə dağıtdığı bu böyük yurdu biz yenidən bərpa edəcəyik. Məhv edilmiş irsimizi, mədəniyyətimizi yenidən dirçəldəcəyik. Bütün bu erməni terrorunun qurbanı olan mədəniyyət incilərimiz, məzarlarımız, ev-eşiyimiz erməni barbarlığın sübutudur. Füzuli şəhəri yerlə yeksan edilmişdir, binalar sökülüb, daşları belə satılıb. Kitabxanalar, tarixi abidələr ya məhv edilmiş, ya da saxtalaşdırılmışdır. Dahi şəxsiyyətlərimizin abidələri təhqir edilmiş, meşələrimiz qırılmışdır. Elə bir sahə yoxdur ki, orada erməni vəhşiliyinin izi olmasın. Ancaq Ermənistan bu mənfur əməllərinə görə cavab verəcək və cəzasını çəkəcək.
Bu torpaqları cənnətə çevirən bizlər olmuşuq, bu səbəbdəndir ki, mənfur düşmən əlində əsir qalan yurdumuz susuz qalmış bir çiçək kimi solmuşdur. Ancaq budur, biz yenə burdayıq, qayıtmışıq. Daha güclü, daha təcrübəli, daha qüdrətliyik. 30 il həsrətində qaldığımız Qarabağı göz bəbəyimiz kimi qorumağa və yenidən cənnət məkana çevirmək üçün Ali Baş Komandan, dahi rəhbərimizin ətrafında birləşmişik. Bizim gücümüz birliyimizdədir. Bizim gücümüz rəhbərə olan inamımızdadır. Buna görə də zəfər daim bizimlədir.
Nəsimi rayon gənci
Şəmilova Dünya Mərdan



