"Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasına nümunə göstərilir. "Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı da edirdi ki, türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi digər ölkənin problemi kimi qəbul olunmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki nitqində yer alan fikirlər yalnız ölkəmizin deyil, eyni zamanda, türk dünyasının bu günü və gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir”.
Veteninfo.az xəbər verir ki, bu fikirləri "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi dövlət başçısının növbəti dəfə bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini ortaya qoyur. Baş redaktor vurğulayıb ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı tarixlə regionda və dünyada yeni reallıqlar yaradıb:
"Bu gün həmin reallıqların ölkəmizin qarşısında geniş imkanlar açdığının şahidiyik. Hazırda "Dağlıq Qarabağ” adında ərazi subyekti yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və dünyada təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının nitqində yer alan Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi "2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» fikirləri perspektivlərin aydın mənzərəsini yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən müddət ərzində qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib. Cənab İlham Əliyev Türk Şurasının qeyri-formal Zirvə görüşündə bugünümüzün reallıqlarına söykənərək bu fikri böyük əminliklə qeyd etdi ki, Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq. Verilən hər bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Məhz bu baxımdan cənab İlham Əliyev Zirvə görüşündəki nitqini Dağlıq Qarabağ məsələsinə həsr etdi. Bununla bir daha bəyan etdi ki, dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər”.Yenisabah.az



